Paytaxtda yeni parklanma yerləri təşkil edilib

Paytaxtda yeni parklanma yerləri təşkil edilib
SOSİAL
09:53 14.10.2025
175
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma yerləri təşkil edib.

AZXEBER.COM agentliyə istinadən xəbər verir ki, ödənişli parklanma məntəqələri Hüseyn Cavid və Atatürk prospektlərində, 2-ci Fəvvarlər, 1-ci Yaşıl ada, Seyid Cəfər Pişəvəri, Landau, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ağadadaş Qurbanov, Mərdanov qardaşları, Dilarə Qədirbəyova və Adil Məmmədov küçələrində yaradılaraq sürücülərin istifadəsinə verib.

Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılır.

Yaxın günlərdə Dadaş Bünyadzadə, Yeni Yasamal, Məhəmməd Xiyabani, Bəhruz Nuriyev, Naxçıvanski, Şirin Mirzəyev, Məshəti Gəncəvi, Mehdi Abbasov, Bəkir Çobanzadə və Ədhəm Orucəliyev küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.

Parkinqə tələbatın az olduğu ərazilərində isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. Belə ki, İzzət Nəbiyev, Şövqiyar Abdullayev, Xəlil Rza Ulutürk və Ələsgər Qayıbov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, "Yol hərəkəti haqqında" qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyə qədər parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.

Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.
OXŞAR XƏBƏRLƏR