Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB

Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB
SOSİAL
22:49 09.07.2026
360
Azərbaycanda yaşa görə əmək pensiyası almaq üçün əsas şərtlərdən biri sığorta stajı və ya tələb olunan pensiya kapitalının olmasıdır.
 
AZXEBER.COM-un baku.ws-ə istinadən məlumatına görə, hazırda pensiya yaşına çatan minlərlə vətəndaş bu tələbləri tam ödəyə bilmədiyi üçün yaşa görə əmək pensiyası əvəzinə sosial müavinət alır.

Xüsusilə elə hallar var ki, şəxsin tələb olunan 25 illik sığorta stajını tamamlamasına cəmi bir neçə ay və ya bir il qalır. Bu məsələ cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan biridir.

Bəs pensiya yaşına çatdıqdan sonra yenidən işləyərək çatışmayan sığorta stajını tamamlamaq mümkündürmü? Belə olan halda vətəndaşa yaşa görə əmək pensiyası təyin edilə bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Baku.ws-ə bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün vətəndaş iki şərtdən ən azı birini ödəməlidir:

"Birinci şərt minimum 25 il sığorta stajına malik olmaq, ikinci şərt isə qanunvericiliklə müəyyən edilmiş minimum pensiya kapitalını toplamaqdır. Minimum pensiya kapitalı minimum aylıq əmək pensiyasının məbləğinin 144 misli əsasında hesablanır.

Pensiya təyin edilərkən müraciət olunan tarixdə qüvvədə olan qanunvericilik əsas götürülür. Bu səbəbdən vətəndaş sonradan işləyərək tələb olunan 25 illik sığorta stajını tamamlayarsa və ya zəruri minimum pensiya kapitalını formalaşdırarsa, yaşa görə əmək pensiyası hüququ əldə edə bilər. Bunun üçün qanunvericiliyin tələblərinə uyğun şəkildə aidiyyəti quruma müraciət edilməli və sənədlər təqdim olunmalıdır.
Praktikada isə çoxsaylı vətəndaş pensiya yaşına çatdığı vaxt cəmi bir neçə ay və ya bir il sığorta stajı çatışmadığı üçün əmək pensiyası almaq hüququ qazana bilmir və sosial müavinətlə kifayətlənməli olur".

Vüqar Bayramov hesab edir ki, bu kateqoriyadan olan şəxslərlə bağlı qanunvericilikdə xüsusi yanaşmanın tətbiq edilməsi məqsədəuyğun olardı Onun fikrincə, minimum tələb olunan sığorta stajına cəmi bir neçə ay və ya bir il çatmayan vətəndaşlar üçün ayrıca mexanizmin yaradılması onların yaşa görə əmək pensiyası almaq imkanlarını genişləndirə bilər.

Deputat vurğulayıb ki, bu, hazırda yalnız təklif xarakteri daşıyır və məsələ ilə bağlı qanunvericiliyə hər hansı dəyişiklik edilməyib: "Hazırda pensiya təyinatı mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir".
OXŞAR XƏBƏRLƏR