“Pensiya yaşına 2 il qalmış vətəndaş işdən çıxarılmamalıdır”

“Pensiya yaşına 2 il qalmış vətəndaş işdən çıxarılmamalıdır”
İQTİSADİYYAT
16:37 10.09.2025
363
"Pensiya yaşına 2 il qalmış vətəndaşın işəgötürən tərəfindən işdən çıxarılması yolverilməzdir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür: "Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinliklə üzləşirlər.

Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Belə praktika bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu onların sosial hüquqlarının qorunması baxımdan vacibdir”.

Komitə sədri Musa Quliyev də təklifi dəstəkləyib və qanuna bunun gətirilməsinin istənilən halda müsbət hal olduğunu qeyd edib: "Sizdən xahiş edirəm bununla bağlı layihəni hazırlayın. Pensiya yaşına az qalmış işdən çıxarılan şəxslər pensiya yaşına qədər də təminatsız qala bilər. Başqa ölkələrdə də bu təcrübə var, siz Qazaxıstanı misal gətirdiniz. Məncə yaxşı təklifdir, biz bunu dəstəkləyirik”.

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, həqiqətən çox ciddi hüquqi əsasları olan dəyişiklik zərurəti mütləqdir: "Çünki bir neçə il bundan əvvəl 2021-ci ildə bu məsələ olduqca başqa bir metodoloji yanaşma ilə həllini tapdı. Belə ki, bəzi vətəndaşlar çıxılmaz vəziyyətlə üz-üzə qalmışdılar. Onların ən azı dövlət qulluğunda 13 il stajları var idi və pensiya yuxarı yaş həddinə çatmasına ən çox 2 illəri qalırdı. Biz bilirik ki, dövlət qulluğunda pensiya hüququ yaradılması üçün minimum 15 il tələb olunur. O zaman bu komitənin çox ciddi cəhdlərindən sonra qanunvericiliyə dəyişiklik olundu. Düşünürəm ki əslində yanaşma olaraq fərqli olsa da, mahiyyətcə eyni məsələdir. Biz də qanun yaradıcılığı formasında dəstək verməyə hazırıq”.
OXŞAR XƏBƏRLƏR