Pərdə
Azadə Balayeva
Bir rəfiqəm var. Gözəl ailəsi, 7 yaşlı bir oğlu var. Hər dəfə görüşəndə söhbət hərlənib-fırlanıb övladlarımızın üzərinə gəlib çıxır. Rəfiqəm övladı üçün bir valideynin edə biləcəyi hər şeyi edir. Sağlamlığı, qıdalanması, təhsili, əyləncəsi üçün özünü oda-közə vurur. Amma yenə də narahatdır. Oturub-durub, "bu uşağı normal böyüdə, yetişdirə, oxuda biləcəyəmmi görəsən", deyərək özünü üzür. Bir normal insan yetişdirmək onun üçün o qədər böyük hadisədir ki, dostlar nə qədər dilə tutsaq da, «bunu adam edə bilsəm qəhrəmanam”, deyərək ikinci uşaq dünyaya gətirməməkdə israr edir. Baxmayaraq ki, kasıb da sayılmaz. Yaşamaq üçün paytaxtın mərkəzində evləri var, həyat yoldaşı da, özü də işləyir. Amma bu ailə gəlirlərinin yalnız bir uşaq üçün yetərli olduğunu düşünür. Ailədə yalnız bir uşağın böyüməsini doğru saymasam da dostlarımın qərarına hörmət etməyə məcburam. Mənə görə onların bu qərarlarının yalnız bir adı var: məsuliyyət. Bir övlad, bir insan qarşısında duyulan məsuliyyət. İnsan yetişdirmək dünyanın ən böyük məsuliyyətidir. Təbii ki, dərk edənə... 132-134 nömrəli Təhsil Kompleksində baş verənlər göstərdi ki, bunu dərk edənlər elə də çox deyil.
Bu məşhur məktəbdə nə baş verib? İki yeniyetmə onlar üçün qadağan olunan almanı yeyib və düşüblər sosial medianın dilinə. Daha açıq söyləsək, yetkinlik yaşına çatmayan iki məktəbli məktəbin idman zalında intim münasibətdə olub və hadisənin oğlan qəhrəmanı da bu "qəhrəmanlığını” videoya çəkərək yayımlayıb. Yəni bir hadisə, iki cinayət baş verib: Birincisi, yetkinlik yaşına çatmayan qızla cinsi əlaqə, ikincisi vətəndaşın şəxsi həyatına müdaxilə, məktəbli qızın icazəsi olmadan gizli çəkilişin aparılaraq yayılması.
Bu gün hamı günahkar axtarışına çıxıb. Kiminə görə günahkar ailədir, kiminə görə məktəb, kiminə görə də cəmiyyət. Əslində baş verən hadisədə bunların hər birinin müəyyən payı olsa da birmənalı şəkildə onlardan birinin adını çəkmək yanlışlıq olar. Amma ilk növbədə bu uşaqların hərəkətinə bir ad vermək lazımdır. Bu sevgimi, ehtirasmı, və ən nəhayət əxlaqsızlıqmı?! Mən də çoxları kimi bu qənaətdəyəm ki, əxlaq anlayışı yalnız qadın – kişi münasibətlərinə şamil oluna bilməz, daha geniş anlam daşıyır. Bəlkə də ümumiyyətlə əxlaq anlayışının intim münasibətə, insanın öz bədəni ilə bağlı verdiyi qərarlara hər hansı dəxli yoxdur. Hər zaman bu qənaətdə olmuşam ki, əgər kimsəyə zərər vermirsə, kimsənin haqqını, hüququnu pozmursa hər bir insan onu xoşbəxt edən işlə məşğul ola bilər. Buna görə kimi isə qınamaq özü əxlaqdan kənardır. Çünki həyat inanılmaz qısadır. Bu qısa həyatı hər bir insan həzz almağı bacardığı, xoşbəxt ola bildiyi kimi yaşamalıdır. Təbii ki, hər şeyi dərk edərək, şüurlu şəkildə edirsə. Amma qəhrəmanlarımızın timsalında bunu demək çətindir. Onların çılğın "sevgi oyununda” ağıl yerli-dibli iştirak etmir. Bu ilk növbədə onların yaşı ilə bağlıdır. Doğrudur, sevginin yaşı olmur deyirlər. Ən təmiz, ən saf sevgi elə bu yaşlarda yaranır. Hansımız məktəb illərində aşiq olmamışıq ki... Əgər bütün dünyada təmiz sevginin abidəsi sayılan Romeo və Cülyettanın müvafiq olaraq 16 və 14 yaşlarında oldıqlarını nəzərə alsaq bu gənclərin də təmiz, pak sevgiyə təslim olduqlarına inanmaq olardı. Amma burada bir əmma var... Məsələ burasındadır ki, Romeo və Cülyettanın sevgisi platonik olsa da bu gənclər daha irəli gedərək sevgilərini intim müstəviyə keçirməyə tələsiblər. Bunun artıq əxlaqi, psixoloji, mental tərəflərini bir tərəfə qoyaraq tibbi tərəflərinə diqqəti yönəltmək istərdim. Tibb yetkinlik yaşına çatmayan şəxslərin, xüsusilə qızların cinsi əlaqəyə girməsini yolverilməz sayır. Bu həmin qızların gələcəkdə sağlam uşaq dünyaya gətirmələrinə böyük problemlər yaradır. Alimlər sübut ediblər ki, erkən yaşda cinsi əlaqə insanın psixologiyasına mənfi təsir göstərir. Həkimlərə görə, qızların cinsi həyata başlama yaşı 18-dən yuxarı olmalıdır. Bu, onların sağlamlığı və xəstəliklərə tutulmaması üçün çox önəmlidir. 18 yaşından erkən cinsi həyata başlayan qızlar orqazm hissini uzun illər yaşaya bilmir və bundan əziyyət çəkirlər. Həmçinin bildirilir ki, 18 yaşından əvvəl cinsi əlaqəyə girən qızlarda xərçəngin yaranma riski də yüksək olur. 14 yaşından cinsi həyata atılan qızları hepatit B daha tez yaxalayır. Onlar normal insanlardan 26 dəfə daha çox risk daşıyırlar. Tibb onu da müəyyən edib ki, cinsi əlaqə zamanı birlikdə olduğu kişinin DNK-sı 6 ay müddətində qadının orqanizmində qalır. Yəni, daha sadə dildə izah etsək, əgər bir qadın tutaq ki, biri ilə cinsi əlaqədə olubsa və ondan sonra 6 ay müddətində başqa bir kişi birlikdə olub ondan uşaq dünyaya gətirirsə uşağın əvvəlki kişinin genlərini daşıması istisna olunmur. Tez-tez partnyoru dəyişmək bu kimi problemə gətirib çıxarır. Tarixən bir maraqlı fakt da var. Tədqiqatçıların iddialarına görə, İkinci Dünya Müharibəsi zamanı Hitler Almaniyası sovet cəmiyyətinin sağlamlıq sirrlərini araşdırıb və müəyyən ediblər ki, burada qızlar yalnız yetkinlik yaşına çatdıqda cinsi əlaqəyə girir. Qızların çoxlu partnyor dəyişməsi ənənəsi yox dərəcəsindədir. Bu isə sağlam nəslin yetişməsidə vacib amil hesab olunurdu. Buna görə də faşist Almaniyasının SSRİ-ni məhv etmək planlarından biri də bu müsbət tendensiyanı dağıtmaq idi.
Bəs, erkən cinsi əlaqənin fəsadlarını uşaqlara kim başa salmalıdır? Müəllim, yoxsa valideyn? Qadın – kişi münasibətləri, intim həyatın müəyyən tərəflərini anlatmaq məktəbin, müəyyən hissəsini izah etmək isə valideynin, xüsusilə də Anaların üzərinə düşür. Amma valideynlə övlad arasında saxlanılan pərdə uşaqların cinsi savadsızlığına, son nəticədə bu kimi hadisələrə gətirib çıxarır. Nə hikmətdirsə Azərbaycan mentalitetində intim münasibətlərdə pərdə həmişə baş roldadır. Pərdənin yırtılması bir problemdir, yırtılmaması başqa problem. Biz məhz valideynlərlə övlad arasındakı pərdədən danışırıq. Valideyn övladı ilə bu mövzuda danışmaqdan çəkinməməli, övladının ən yaxın dostu, rəfiqəsi olmalıdır. Bir neçə il əvvəl bəlkə də bu mövzuda uşaqlarla söhbət etməmək o qədər böyük təhlükə vəd etmirdi. Amma bu gün çox böyük təhlükə ilə qarşı – qarşıyayıq. Uşaqların orqanizmində fizioloji dəyişikliklər, cinsi oyanma baş verdikcə onlar gizli –aşkar intim həyatla bağlı məlumatları toplamağa can atırlar. Əgər bunu valideyn anlatmasa uşaq onu o qədər də etibarlı olmayan mənbələrdən, az qala heç bir məhdudiyyətsiz yayımlanan erotik wap saytlardan alacaq. Bu da bir çox hallarda yanlış anlamalara, son nəticədə isə azyaşlılar arasında bu cür erkən intim münasibətlərə gətirib çıxarır. Smartfonlar bu gün elm və texnologiyanın ən böyük uğurlarından biri olsa da onun ailə institutuna, mənəvi -əxlaqi dəyərlərə vurduğu zərbə xeyrindən az deyil. Artıq "uşaqlar valideynlərinin yox, zəmanənin övladlarıdır” deyimi bu günə daha uyğun gəlir. Telefonlar, sosial şəbəkələr az qala uşaqların, yeniyetmələrin bütün doğmalarını, yaxınlarını əvəz edib və onların həmin telefonlardan hansı məlumatları almalarına nəzarət də hədsiz çətinləşib. Wap saytlara nəzarətin artırılması, mərkəzləşmiş qaydada filtrasiya sistemlərinin qurulması ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Bir müddət əvvəl çalışdığım telekanalda bu mövzuya aparıcısı olduğum verilişin bir buraxılışını da həsr etmişdim. Amma hələ də kimsə bu təhlükəni ciddi qəbul etmir. Övladlarının başını telefonlardan qaldırmaq valideynlər üçün əməlli-balı işgəncəyə çevrilib. Problemin mümkün fəsadlarını aradan qaldırmaq üçün ən azından valideynlər övladlarının əlinə tutdurduqları bahalı smartfonara filtr proqramları yükləyə bilərlər. Məsələn, ChildWebGuardian PRO adlı filtr proqramı uşaqların İnternetdə təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Bu proqram uşağın baxdığı veb səhifəsinin məzmununu yoxlayır, onun üçün zərərli hesab olunacaq məzmun – pornoqrafiya, zorakılıq, söyüş, ekstremist materiallar – aşkar edərsə, o saytı dərhal bloklayır. İnternetdə belə filtr proqramları kifayət qədərdir. Əsas odur ki, valideynər özləri bu barədə məlumatlı olub övladlarını qoruya, onları həm də cəmiyyət üçün faydalı insan kimi yetidirə bilsinlər. Amma smartfonlardan gələn təhlükə bununla aradan qaldırılana da oxşamır. Tutaq ki, fltr vasitəsilə uşaqları təhlükəli məlumatlardan qismən də olsa qorumaq mümkün oldu, bəs, etdiyi səhvi videoya çəkib hamya car çəkən oğlanı bu əməlindən kim çəkindirəcək, bir kiçik qızın çılğınlığından, uşaq sadəlövhlüyündən istifadə edərək, yaşına-başına baxmadan intim əlaqədə olması azmış kimi onu hamının yanında rəzil-rüsvay etməyin ən böyük əxlaqsızlıq olduğunu ona kim başa salacaq? Yenə də valideyn... Yuxarıda bəhs etdiyim kimi övlad yetişdirmənin məsuliyyətini dərk edən valideyn onun təhsilindən öncə vicdanlı bir insan kimi yetişdirmək haqqında düşünməlidir. Bilavasitə məlum hadisənin oğlan qəhrəmanı ilə bağlı mən burada hakim rolunda çıxış edib onun valideynlərini mühakimə etmək fikrindən çox uzağam və bu yeniyetmə oğlan da hələ cəmiyyət üçün itirilmiş sayıla biməz. Sadəcə məlum hadisədən sonra yəqin ki, həm valideynlər övladları ilə bağlı tərbiyə metodlarını analiz edəcək, "mən nerde yanlış yapdım” deyərək səhvlərini aradan qaldırmğa çalışacaq, eləcə də onların təhsil aldıları məktəb də təlim-tərbiyə metodlarını bir daha gözdən keçirəcək.
Sosioloqların araşdırmalarına görə, bir insanın formalamasında ailə, mühit və genlər rol oynayır. Onlar bildirir ki, əgər ailədə 3 uşaqdan ikisi yüksək əxlaqlı, ləyaqətli övlad kimi yetişirsə, amma biri daim neqativ addımlara meyllidirsə bunun səbəblərini genlərdə axtarmaq lazımdır. Nəsil ağacının üzvlərinin daşıdığı genetik məlumatlar ardıcıl olaraq 7 nəslin övladlarında özünü göstərə bilir. Bu yeniyetmə oğlanın "qəhrəmanlıqlarına” genlərinin nə dərəcədə cavabdeh olduğunu söyləmək çətin olsa da cəmiyyətin, müasir mühitin rolu birmənalıdır. Azərbaycan cəmiyyətində qadına münasibət, qadınların əylənməli və evlənməli qadınlara bölünməsi, subay qızlarla intim münasibətin kişilər üçün az qala böyük qəhrəmanlıq səviyyəsinə qaldırılması yeniyetmələri də bu yanlış yola sövq edir. Bu onlara görə, kişiliyin təsdiqidir. Bu günki gənclərin tərbiyəsində cəmiyyətin, mühitin rolu danılmazdır və bu təsirləri azaltmaq kifayət qədər çətindir. Amma mümkünsüz də deyil. Analar teleseriallardan və telefonlarının ekranlarından başlarını qaldırıb bir övladlarına diqqət yetirsələr, karyera pilləkənlərində irəlililəməyin yolları haqqında düşünməyi bir kənara qoyub yaxşı övlad yetişdirmənin yolllarını tapsalar həm özləri, həm öladları, həm də Azərbaycan cəmiyyəti üçün daha böyük iş görmüş olarlar.