Türkiyəli müğənni Petek Dinçöz paytaxtımızın qonağı olub.
AZXEBER.COM xəbər verir ki, müğənni əməkdar incəsənət xadimi Məlahət Abbasovanın ATV telekanalında aparıcılıq edəcəyi "Məlahətli söhbətlər” verilişinə qatılmaq üçün Azərbaycan gəlib.
Petek Məlahət Abbasova ilə birgə "Pullman" oteldə jurnalistlərlə görüşüb.
Türkiyəli məşhur ilk olaraq Azərbaycana olan sevgisindən danışıb: "Azərbaycan mənim üçün doğmadır, ikinci vətənimdir. Burada qonaq yox, ev sahibi olmaq istəyirəm. Məlahəti uzun zamandı tanıyıram. Onu aktrisalıq qabiliyyətinə heyranam. Bütün rolları təbii oynayır. Onun təklifini geri çevirə bilməzdim, Məlahət məni bura çağırıbsa, mütləq gəlməliydim. Bundan öncə Azərbaycanda çox olmuşam, yeni ili bir neçə dəfə ölkənizdə qarşılamışam. İstərdim ki, 2018-ci ili də ərim və oğlum birlikdə Azərbaycanda olaq. Mən sizin ölkəni və insanlarınızı çox sevirəm".
Petek Dinçöz Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva haqda da danışıb və onunla görüşmək istədiyini xəyal etdiyini deyib:
"Mən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın heyranıyam. Düşünürəm ki, o xanım əsl gözəllik və incəlik simvoludur. Ən böyük xəyalım Mehriban Əliyeva ilə qarşılaşmaq, bir məkanda olmaq və mümkün olarsa hətta şəxsən tanış olmaqdır. O xanımla söhbət edib, ondan gözəlliyin sirlərini öyrənmək istəyirəm.
ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov layihə haqqında ətraflı məlumat verib: "Türkiyədə tanınan simaları Azərbaycana gətirib, bizim məşhurlarla görüşdürüb, onlarla bir masa arxasında mədəniyyətimizdən danışacağıq, səmimi söhbət edəcəyik. Bura gələn türk məşhurlar heç bir maddiyyat tələb etmir. Hər biri Məlahət xanıma görə gəlir. Bizim məqsədimiz iki qardaş ölkə arasında körpü olmaqdır, əminəm ki, bu layihə uzunmüdddətli olacaq. Onu da deyim ki, bizi bu verilişdə reytinq maraqlandırmır, əsas tamaşaçılara keyfiyyətli layihə təqdim etməyi düşünürük".
Layihənin müəllifi Məlahət Abbasova isə veriliş haqqında bunları dedi:
"Uzun illər sonra belə bir layihə ilə Azərbaycan tamaşaçısının qarşısına çıxacam. 26 ildir ki, Türkiyədə yaşayıram. Sizin heyranlıqla baxdığınız türk məşhurlarla demək olar ki, birgə çalışırıq. İki ölkənin dəyərli insanlarını Azərbaycanda görüşdürəcəyik. Azərbaycanın çay süfrəsi çox zəngindir, istədik çay süfrəsi ətrafında yığışaq. "Məlahətli söhbətlər"də, eyni zamanda azərbaycanlı məşhurlar da yer alacaq. Onlar səmimi söhbət edəcəklər və bir-birlərini daha da yaxından tanıyacaqlar"
Aktrisa verilişində qonaq qismində yalnız xalq tərəfindən sevilən sənətkarların iştirak edəcəyini də deyib: "Bəzən verilişlərdə xahiş və tanışlıqla iştirak edirlər. Amma bu veriliş elə olmayacaq. Sırf sənətkarlar dəvət olunacaq. Hətta veriliş başlamamış bəziləri pul da təklif edib ki, türk məşhurlarla bir verilişdə olaq. Təbii ki, elə hallara yol verilməyəcək.”
Məlahət Abbasova verilişində qalmaqalın olmayacağını da deyib: "Bu verilişdə heç bir qalmaqal və şou olmayacaq, şəxsi həyat müzakirə olunmayacaq. Biz sadəcə olacaq mədəni söhbət edəcəyik"
Qeyd edək ki, "Məlahətli söhbətlər" layihəsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də dəstək verib.
Verilişdə yeni mövsümdən etibarən ATV-də yayımlanacaq.
Nazim Qasımzadə,
AZXEBER.COM
AZXEBER.COM