Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunacaq.
Bu barədə "Report"a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
O, Elxan Səmədovun müalicəsinin davam etdiyini bildirib:
"Gündəlik fizioterapeyalara cəlb olunur. Bununla yanaşı, mütəmadi olaraq hər gün normal qrafikdə işə gəlir. Martın ortalarında növbəti dəfə əməliyyat olunacaq".
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.