Bu barədə məlumat verən müğənni bildirib ki, gənclərimizin müqavilə əsasında ailə qurmalarını daha məqsədəuyğun sayır. O, hazırda məsuliyyət hiss etmədən ailə quran gənclərin əksəriyyət təşkil etdiyini bildirib:
“Hazırda nikah və kəbin məsələsi adi hal olub. Hər kəs mollaya kəbin kəsdirir, yaxud Nikah Haqqında Şəhadətnaməni imzalayıb ailə qururlar. Apardığım müşahidələr göstərir ki, yeni ailə quran gənclər arasında heç bir müqavilə olmadığından qurulan ailələrin çoxu bir-iki ay sonra dağılır. Amma gənclər arasında nikah müqaviləsi olsaydı, boşanmaların sayı bəlkə də azalardı”, – müğənni söyləyib.
G.Ələkbərova hesab edir ki, yeni evlənənlər arasında müqavilə olmayanda məsuliyyət hiss etmirlər və tez bir zamanda ailə qururlar. Nəticədə isə az vaxt ərzində yeni qurulan ailə dağılır.
“Vətəndaş kimi deyirəm ki, əgər hər iki tərəf arasında müqavilə imzalansa, ailəyə dırnaqarası baxılmaz və məsuliyyət hiss olunar. Bu mənada həm qız tərəfinə zərbə, həm də ki oğlan tərəfinə mənəvi ziyan vurulmaz”, – deyə, müğənni məsələnin təkcə şou-biznes nümayəndələrinə aid olmadığını və artıq boşanmaların bu səbəbdən olmasını bildirib.
Daha sonra o, özü barədə danışdı. Sən demə, o, ailə qurmağa tələsmir.
“Bir vaxtlar mənim də nikahım uğursuz oldu. Ona görə də, hazırda ailə qurmağa tələsmirəm. Onu da bildirim ki, nəyisə sübut etmək üçün ailə qurmuram. Açıq danışsam, bəzi xanımlar ad olsun deyə, ərə gedirlər. Bəylər isə nəyisə sübut etməyə görə, evlənirlər. Ona görə də, öz həyatımı yaşayıram və hazırda ailə qurmaq haqqında fikirləşmirəm”, – G.Ələkbərova dedi.