Bakıda piyadaların həyatlarını təhlükəyə ataraq sürətli avtomobil yollarına çıxmasına tez-tez rast gəlinir. Belə hadisələrdən biri Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində baş verib.
Gənc oğlan dəmir məhəccərləri aşaraq avtomobillərin sürətlə hərəkət etdiyi yola özünü atıb. Onu vurmamağa çalışan sürücülər sürəti azaldaraq qəza şəraiti yaradıblar.
Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, belə hallarl bağlı cərimə məbləği kifayət qədər aşağıdır:

"Bu problem daim mövcuddur. Bəzi yerlərdə piyada keçidi uzaqda olur və piyadalar bundan narazılıq edir. Amma elə ərazilər var ki, xüsusilə də nəqliyyatın yüksək sürətlə hərəkət etdiyi yollarda yolu qanunsuz keçmək ölüm riski yaradır. Qanunvericiliyə əsasən həmin piyadalar 40 manat cərimələnirlər. Bir vaxtlar belə hallara görə daha çox cərimələr tətbiq olunurdu. Son dövrlər isə bunun şahidi olmuruq. Halbuki heç olmasa bu şəxslərin müəyyən hissəsi cərimələnsə, müəyyən təsiri ola bilər. Cərimə məbləği də kifayət qədər aşağıdır. Cərimələrin məbləği artdıqca həm sürücülər, həm də piyadalar daha məsuliyyətli davranmağa başlayırlar. Heç kim yüksək məbləğdə cərimə ödəmək istəmir”.
O qeyd edib ki, bu kimi hallarda sürücülər də müəyyən məsuliyyət daşıyır:
"Təbii ki, belə hallard sürücünün də məsuliyyəti var. Sürücü diqqətli olmalı, yol şəraitini nəzərə almalıdır. Amma elə hallar da olur ki, piyada qəfil şəkildə yolun hərəkət hissəsinə çıxır və sürücünün reaksiya verməyə faktiki imkanı qalmır.
Bu da ciddi problemdir”.
Nəqliyyat eksperti bildirib ki, problemin həlli üçün cərimələr artırılmalıdır:
"Burada əsas gözlənti odur ki, piyadaların məsuliyyət hissi artırılsın. Bunun üçün maarifləndirmə işi aparılmalı, eyni zamanda cərimələr artırılmalı və onların tətbiqi effektiv olmalıdır ki, real təsir göstərsin. Digər tərəfdən, aidiyyəti qurumlar da müəyyən istiqamətlərdə tədbirlər görməlidirlər. Elə ərazilər var ki, piyadaların yolu yalnız bir nöqtədən keçməsi tələb olunur. Halbuki həmin yerlərdə piyada keçidlərinə ciddi ehtiyac var.
Əgər piyadalar üçün normal şərait yaradılıbsa, yerüstü və ya yeraltı keçid mövcuddursa, yaxud işıqforla tənzimlənən piyada keçidi varsa, artıq həmin yerdən istifadə edilməlidir. Bu halda başqa yerdən yolu keçməyə heç bir əsas qalmır.
Buzovnada bəzi yollar var ki, xüsusilə sürətli hərəkət olan ərazilərdə piyada keçidləri kifayət qədər deyil. Əvvəllər şəhər kənarı hesab olunan bəzi ərazilər artıq şəhərin bir hissəsinə çevrilib. Belə yerlərdə də bəlkə müəyyən nöqtələrdə işıqforların quraşdırılmasına ehtiyac yaranıb. Məsələn, Heydər Əliyev prospektində sürücünün hərəkətini məhdudlaşdıran işıqfor və ya dayanacaq yoxdur. Amma müəyyən analizlər aparılsa, hansıki müəyyən nöqtələrdə piyadalar intensiv şəkildə yolu keçir, həmin yerlərdə işıqforların quraşdırılması təhlükəsizlik baxımından faydalı ola bilər”.
O vurğulayıb ki, əgər bütün təhlükəsizlik şəraiti yaradılıbsa və buna baxmayaraq piyada qaydanı pozursa, baş verən hadisəyə görə hüquqi məsuliyyət də buna uyğun qiymətləndirilməlidir:
"İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, belə hallarda piyadanın məsuliyyəti daha ciddi şəkildə müəyyən edilir. Çünki əgər bütün təhlükəsizlik şəraiti yaradılıbsa və buna baxmayaraq piyada qaydanı pozursa, baş verən hadisəyə görə hüquqi məsuliyyət də buna uyğun qiymətləndirilməlidir. Məsələn, belə hallarda piyada ölərsə, onun yaxınları sürücüyə dəyən ziyanı qarşılayır”.
Şahanə Ziyad











































