Dünən “Dalğa Arena”da baş verənləri bir çoxlarınız bilirsiniz. Bilməyənlər üçün qısa bir xatırlatma - Ötən gün “Neftçi” – “APOEL” qarşılaşmasından öncə “Sektor 11″ fan-klubununazarkeşləri ilə polis arasında kütləvi dava düşüb. Olayın böyüdüyünü görən “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun müdaxiləsindən sonra ara sakitləşib. Ən son məlumata görə, hadisə nəticəsində güclü xəsarət alan olmasa da, bir nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Kiprin bayrağını yandırmaq kimə lazım idi?
Hadisənin baş vermə səbəbi isə çox maraqlıdır. Bəzi mətbuat orqanlarının iddiasına görə, polisin hadisəyə müdaxilə etməsi Azərbaycanı böyük siyasi qalmaqaldan xilas edib. Belə ki, guya “Sektor 11″ fan-klubununazarkeşləri 1995-ci ildə baş tutmuş matçda yunan azarkeşlər tərəfindən Türkiyə bayrağının yandırılmasına etiraz olaraq, həmin gün APOEL-in təmsil etdiyi Kiprin bayrağını yandırmaq qərarına gəliblər.
Bu “bardağı aşıran son damla” oldu.
Bu gün səhər saatlarında artıq hadisə ilə bağlı ictimaiyyətə açıqlama verən fan-klubun rəhbəri Elnur Şərifli məsələni belə şərh etdi: “Biz Kipr bayrağını yandırmaq istəməmişik və yandırmamışıq. Belə bir fikrimiz də olmayıb. 2010-cu ildən yaranan gündən polislər daim bizə problemlər yaradıblar, istədiyimiz kimi dəstək verməyə imkan verməyiblər.
Amma Dalğa Arenada olan son olaylar “bardağı aşıran son damla” oldu. Belə ki bildiyiniz kimi, biz əvvəlcədən günlərlə hazırladığımız 250 kv metrlik xareoqrafiyamızı açmaq niyyətində idik. Və buna “Neftçi” rəhbərliyi də razılıq vermişdi. Amma polislər sanki hər vəchlə bu plakatın açılmasına mane olmağa çalışırdılar. Bu cəhdlərin birində isə artıq biz etiraz etdik polisə. Çünki bizdə “Neftçi”nin böyük bayrağı var idi. İki nəfər göndərdik ki, gedib onu gətirsinlər. Onlar dəmir maneəni aşıb, bayrağı gətirmək istəyəndə polislər imkan vermədi. Bundan sonra dava düşdü. Polislər üzərimizə gələrək bizi qorxutmağa çalışdılar. Amma geri çəkilmədik. Çünki bu xareoqrafiya bu gün açılmalıydı. Başqa cür ola bilməzdi. Nəticədə polislər dəyənəklərlə üzərimizə hücum etdilər. Üzvlərimizdən xeyli sayda xəsarət alanlar var. Dava Neftçi PFK-nın prezidenti Sadıq Sadıqov və vitse prezidenti Tahir Süleymanovun müdaxiləsi ilə başa çatdı”.
Polis bizi siyasi qalmaqaldan xilas etdi, yoxsa...
Onu da qeyd edim ki, əldə etdiyim məlumata görə, “Sektor 11″ fan-klubu Azərbaycan futbolunun bütün uğursuzluqlarına baxmayaraq, hər zaman onu dəstəklib. Elə bu faktı dəfələrlə bir jurnalist kimi özümdə şahidi olmuşam. Hələ Azərbaycan-Türkiyə maçında klub üzvlərinin polisin zorakılığına baxmayaraq səbirlə, təmkinlə, klub rəhbərinin kəlməsi ilə hərəkət etməsi, onların məqsədlərinin yalnız günü-gündən batan futbolumuzu azarkeşsiz qoymamaq istəyindən başqa bir şey deyildi.
Polisə haqq qazandıran “mətbuat”
Bunu heç kəs inkar edə bilməz ki, futbol matçlarında bizim polislərin aqressiyası birə-beş artır. Tofiq Bəhrəmov adına Respublika stadionunda dəfələrlə bununla bağlı mətbuat işçiləri ilə polislər arasında da mübahisələr olub. Maraqlı olan bir digər məsələ isə, məhz bu hadisə ilə bağlı məlumat verən bir neçə idman saytının fan-klub üzvlərini günahkar görməsidir. Görünür bu idman saytları AFFA-nın onlara hər il verdikləri reklam müqavilələrini “siğortalamaq” üçün belə bir yola əl atıblar. Əks halda bir media qrumu hadisələrə bu cür qərəzli mövqeydən yanaşaraq azarkeşlərə şər-böhtan atmazdı.
Bütün əngəllərə baxmayaraq, şou baş tutdu.
Dava-dalaşın ardından gənclər yenə öz missiyalarını sona çatdırmağa nail oldular. Elə özlərinin dediyi kimi: “Bütün əngəllərə baxmayaraq “Sector 11 Azad Azarkeş qrupu” Azərbaycan futbol tarixinin ən böyük xareoqrafiya şousunu göstərməyə nail oldu”.
Əfsələddin Ağalarov