Polislərin maaşlarının artırılması təşəbbüsünü nazirlik verməyib - DİN

SOSİAL
14:09 12.11.2021
797

"DİN tərəfindən polislərin maaşlarının artırılması təşəbbüsü irəli sürülməyib”.

AZXEBER.COM xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. Nazirlik rəsmisi belə bir təşəbbüsün irəli sürülmədiyini deyib:

"Dövlətimizin, xüsusən cənab Prezidentin hər zaman daxili işlər orqanlarının əməkdaşlarına göstərdiyi ali diqqət və qayğı hamıya məlumdur. Eyni zamanda, son iki ildə dünyada qlobal problemə çevrilmiş COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsiri, həmçinin zəfərlə başa çatan Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə böyük vəsait tələb edən tikinti-quruculuq işlərini, şəhid ailələrinə, müharibə iştirakçılarına dövlətin göstərdiyi hərtərəfli diqqət və qayğını nəzərə alan, anlayışla qarşılayan hər bir Azərbaycan vətəndaşı kimi polis əməkdaşları da belə bir dönəmdə əməkhaqlarının artırılması barədə düşünməyib. Onlar ictimai asayişin və ictimai təhlükəsizliyin təmini, cinayətkarlığa qarşı mübarizə kimi çətin və şərəfli bir fəaliyyətin müqabilində dövlət büdcəsindən ayrılan əməkhaqqı və dövlət tərəfindən göstərilən diqqət və qayğı ilə kifayətlənirlər.

Qürur hissi ilə qeyd edim ki, daxili işlər orqanlarının hər bir əməkdaşı əsl vətəndaş mövqeyi nümayiş etdirərək, bugünki gündə dövlətimizin iqtisadiyyatının daha da güclənməsində və həyata keçirdiyi layihələrin tezliklə və müvəffəqiyyətlə reallaşmasında maraqlıdırlar”

Qeyd edək ki, Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev polislərlə bağlı təklif vermişdi.

Millət vəkili qeyd etmişdi ki, polislərin maaşı aşağıdır.

"Mən təklif edirəm ki, heç olmasa polis serjantlarının və kiçik zabit heyətinin maaşları iki dəfə artırılsın”, - deyə Q.Həsənquliyev əlavə etmişdi.

OXŞAR XƏBƏRLƏR