Prezident İlham Əliyev iftar mərasimində iştirak etdi

Prezident İlham Əliyev iftar mərasimində iştirak etdi
06:12 13.08.2011
1593
Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

Əvvəlcə şeyxülislam Allahşükür Paşazadə yeni iqamətgahda aparılan inşaat işlərinin gedişi barədə prezident İlham Əliyevə məlumat verib. Bildirildi ki, tikintisinin gələn il başa çatdırılması nəzərdə tutulan bu iqamətgahda dindarların ibadəti və müqəddəs mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Azərbaycanda dini ənənənin, tolerantlığın dünyada örnək olduğunu, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına, mədəniyyət abidələrimizin bərpa ediləcəyinə əminliyini bildirib. O qeyd edib ki, mərasimdə bütün dinlərin nümayəndələrinin iştirakı Azərbaycanın dünyada mənəvi dəyərlərə yüksək qiymət verilən bir məkana çevrildiyini göstərir.

Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban-Udin Xristian İcmasının sədri Robert Mobili bütün dinlərə eyni səviyyədə hörmət və ehtiramın göstərildiyi Azərbaycanın beynəlxalq aləmdə dinlərarası dialoqun yüksək inkişaf etdiyi ölkə kimi tanındığını bildiriblər və təbriklərini çatdırıblar.

Mərasimdə çıxış edən prezident İlham Əliyev müqəddəs Ramazan ayında belə görüşlərin artıq gözəl ənənəyə çevrildiyini bildirib. Əsası ulu öndər Heydər Əliyev və şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin bütün sahələrdə olduğu kimi, uğurla davam etdirildiyini bildirib.

Azərbaycanda din-dövlət münasibətlərinin çox yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələrinin rahat, dostluq-qardaşlıq şəraitində yaşadığını bildirib və bunun dövlətimizin gücü olduğunu qeyd edib.

Bu il müstəqilliyimizin 20 illik yubileyinin böyük təntənə ilə qeyd olunduğunu deyən prezident İlham Əliyev Azərbaycanda islam dininə olan hörmətin bütün başqa dinlərə olan ehtiramla tamamlandığını, ölkəmizin dünya miqyasında dinlərarası və mədəniyyətlərarası dialoq məkanına çevrildiyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident İlham Əliyev problemin ədalətli, beynəlxalq hüquq normaları və respublikamızın ərazi bütövlüyü çərçivəsində həllini tapacağına şübhə etmədiyini bildirib.

Şeyxülislam Allahşükür Paşazadə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə görə prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
OXŞAR XƏBƏRLƏR