Prezident Administrasiyasına şikayətlərin sayı azalıb
SİYASƏT
23:25 21.05.2013
2063
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov respublikada vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə açıqlama verib.AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, S.İsmayılov deyib ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, vətəndaşlar dövlət başçısının yeritdiyi iqtisadi və sosial siyasəti ürəkdən bəyənir, insanlara qayğı göstərilməsi ilə bağlı dövlət məmurları qarşısında qoyduğu ciddi tələbləri tam dəstəkləyirlər: “Prezident Administrasiyasında bilavasitə nəzarət qaydasında baxılmış müraciətlərin sayı bu il daha da artıb, onların bir çoxu müsbət həll olunub, qalanları barədə müvafiq izahat verilib, qaldırılan bir sıra məsələlərin həlli növbəti illərin inkişaf planlarına salınıb. Məhz vətəndaşların əsaslı müraciətlərinin araşdırılması nəticəsində təkcə bu ilin əvvəlindən ayrı-ayrı vəzifəli şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib, bəziləri işdən kənarlaşdırılıb”.S.İsmayılov bildirib ki, təkcə bu ilin əvvəlindən bilavasitə problemlərinin həlli ilə əlaqədar vətəndaşlardan yüzlərlə təşəkkür məktubu daxil olub: “Vətəndaşlarla əlaqələrin təkmilləşdirilməsi üçün tətbiq olunan yeniliklərdən bəzilərini qeyd etmək yerinə düşərdi. Keçən ilin sonlarından başlayaraq hazırlanıb tətbiq edilmiş yeni proqram əsasında Azərbaycanda vətəndaşların elektron qəbula yazılması təmin edilmişdir. Artıq vətəndaşlar Bakıya gəlmədən Prezident Administrasiyasının struktur bölmələri rəhbərlərinin qəbuluna yazıla bilirlər. Bunun üçün onlar yaşadıqları şəhər və rayondan Prezidentin rəsmi saytı vasitəsilə istədikləri vəzifəli şəxsin qəbuluna yazılır və təsdiq edilmiş cədvələ uyğun olaraq qəbula gəlirlər. Bu ilin əvvəlindən yüzlərlə vətəndaş məhz elektron formada qəbula yazılmaq üçün müraciət edib. Eyni zamanda, Prezidentin rəsmi saytının “Vətəndaşların müraciətləri” xanası müntəzəm olaraq təkmilləşdirilir. Vətəndaşların sayt vasitəsilə müraciət etməsi üçün imkanların genişləndirilməsi sahəsində müntəzəm iş aparılır”.S.İsmayılovun sözlərinə görə, vətəndaşların qəbulu ilə bağlı müraciətlərdə qəbulların bəzən birinci şəxslərin özlərinin aparmadığı, ayrı-ayrı idarələrdə müraciətlərə vaxtında cavab verilmədiyi, qəbul zamanı verilmiş vədlərin heç də həmişə yerinə yetirilmədiyi göstərilir və belə halların aradan qaldırılması xahiş edilir: “Müraciətlərin növlərinə gəldikdə isə qeyd etməliyik ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayətlərin faiz nisbəti azalıb”.