“Bu gün də biz tam üstünlüyü əldə etmişik”.
Bu hadisələrdən bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələri tərəfi Azərbaycan – Ermənistan sərhəddində, Qazax istiqamətində təxribat törətmişdilər.
Bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşü zamanı deyib.
“Bu hadisələr zamanı bizim kəndlərimiz atəşə tutulub. Mülki əhali arasında həlak olanlar var. 300-ə yaxın evə ziyan vurulub”, - deyə dövlət başçısı qeyd edib.
“Budur onların hərəkəti. Azərbaycan əsgəri, Azərbaycan zabiti heç vaxt mülki əhaliyə qarşı vuruşmayıb, vuruşmur və vuruşmayacaq. Biz öz torpağımızı qoruyuruq, bizim işimiz haqq işidir”, - deyə Ali Baş Komandan vurğulayıb.
O, qeyd edib ki, Azərbaycan ordusu bu dəfə də düşmənə onun yerini göstərdi, yerinə oturtdu.
“Bu gün də biz tam üstünlüyü əldə etmişik. Buna baxmayaraq, biz vəd etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq. Bir şərtlə ki, qarşı tərəf də atəşkəsə əməl etsin.
Biz müharibə istəmirik, biz istəyirik ki məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu, çətin məsələdir. Bütün beynəlxalq təşkilatlar, BMT, ATƏT, İslam Əməkdatşlıq Təşkilatı, Avropa Şurası - bütün bunlar həqiqəti əks etdirən mövqeyimizi dəstəkləyən qərar-qətnamələr qəbul ediblər.
Düzdür bu qərarlar hələ nəticəyə gətirib çıxarmayıb, lakin bu məsələnin həlli üçün hüquqi əsasdır”, - deyə dövlət başçısı bildirib.