Katarakt

“Prezident bir daha elan etdi ki, Ermənistan dövləti Azərbaycan torpağında yaradılıb”

SİYASƏT
12:24 05.06.2020
1294
Xəbər verdiyimiz kimi, ölkə prezidenti Tərtər və Ağcabədi rayonlarında səfərdə olub. Səfər zamanı prezident İlham Əliyev İrəvanın əzəli Azərbaycan torpağı olduğunu bir daha qeyd edib. O deyib ki, ADR İrəvanı Ermənistana bağışlayıb ki, Dağlıq Qarabağa olan iddialarından əl çəksinlər.

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli AZXEBER.COM-a açıqlamasında Prezidentin fikirlərini şərh edib.  
 
O tariximizi dərindən bilməli olduğumuzu vurğulayıb:

"Azərbaycan dövləti tarixboyu böyük faciələr yaşayıb. Hələ də bu faciələri yaşamaqda davam edir. Son 10 illərdə torpaq itkilərimiz var ki, biz bununla barışmırıq. Bu indi olmayıb. Hətta 1730-cü illərdə belə biz Dərbəndimizi və başqa torpaqlarımızı itirmişik. Ən böyük itkilərimizdən biri isə İrəvanı itirməyimiz olub. 1828-ci Türkmənçay müqaviləsinə əsasən İrəvan Rusiyanın tərkibinə keçib. Rusiya ilə İran arasında bağlanan müqaviləyə əsasən İrəvan xanlığı 1840-cı ildə ləğv edilərək yerində İrəvan quberniyası yaradıldı.
 
Bu zaman orada yaşayan əhalinin 90 faizi azərbaycanlı idi. Zaman-zaman ora İran, Türkiyə, Suriya, Livandan və Anadoludan ermənilər köçürülərək oradakı azərbaycanlıları sıxışdırıb çıxarıblar. Bu onun nəticəsidir ki, 1918-ci ildə İrəvan Ermənistanın paytaxtı elan olunana qədər orada yaşayan müsəlman-türk əhalisi azalmışdı. Bu zaman birinci Dünya müharibəsinin sonu idi və dünyada Cənubi Qafqazın bölünməsi ilə bağlı danışıqlar gedirdi. Və bu zaman Azərbaycan Cumhuriyyəti və Gürcüstan öz istiqlaliyyətini elan etmişdi. Paytaxtı və sərhədləri olmayan Ermənistan da öz istiqlaliyyətini elan etmişdi. Ermənistan ilk olaraq özünə sərhəd olaraq Gümrünü, Konstatinopolu isə paytaxt elan etmək istəsələr də, türk qoşunları buna mane oldu. Bu zaman Batumda aparılan  danışıqlarda Məhəmməd Əmin Rəsulzadə və Hacınskiyə çox ciddi təzyiqlər var idi.  Onlara "İrəvanı verməlisiniz, yoxsa Bakı əldən gedəcək" kimi ultimatum vermişdilər. Həmin dövr çox ağır bir dövr idi. Bu ağır dövrdə də İrəvan əldən getdi. 
 
Prezident İlham Əliyev bütün  bu prossesləri nəzərə alaraq alimlərə bu dövrlə bağlı kitab çap olunmasını təklif edib. Toponimlər, hidronimlərin hər birinin Azərbaycan adı olub, sonradan necə dəyişdirilidiyi barədə bu kitablarda məlumatın dərc olunmasını istəyib.
 
Mən düşünürəm ki, bu tariximizin böyük faciəsidir və Cənab Prezident qəti şəkildə bildirir ki, biz bu səhvləri təkrar etməməkdən ötrü tariximizi bilməliyik. Bütün  dünyaya prezident bir daha elan etdi ki, Ermənistan dövləti Azərbaycan torpağında yaradılıb və İrəvan da Azərbaycan şəhəri olub.
 
Günel Hüseynli

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR