“Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artır”
“NATO ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı tarixi vardır. Bu, uğurlardan ibarət tarixdir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında mətbuat nümayəndələri qarşısında bəyanatında bildirib. Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərindən Azərbaycan Avratlantik strukturlara inteqrasiya olmaqda çox fəal idi: “Bu baxımdan biz nəzərəçarpan irəliləyişi əldə etmişik. Biz Silahlı Qüvvələrimiz daxilində islahatlar aparırıq və mən çalışıram onları NATO standartlarına uyğunlaşdırım. Buna görə də əməkdaşlığımızın bu hissəsinin Silahlı Qüvvələrimizə çox böyük təsiri var. Eyni zamanda, NATO-nun dünyanın müxtəlif yerlərində aparılan əməliyyatlarındakı iştirak hərbi qulluqçularımıza öz bacarıqlarını artırmaqda yardımçı olub və onlar NATO-dakı həmkarlarından bir çox məsələləri öyrəniblər”. İlham Əliyev deyib ki, Azərbaycan Əfqanıstandakı əməliyyatlarda iştirak edib. Onun sözlərinə görə, ölkəmiz hava məkanından və ərasisindən keçmək imkanını yaradır: “Çox şadam ki, Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artır. Bu gün biz bu sahədə gələcək əməkdaşlığımızı müzakirə etdik. Əməkdaşlığımızı bu sahədə genişləndirmək məqsədilə yeni təklifləri müzakirə etməyə hazırıq”. “Eyni zamanda, biz Əfqanıstanda qulluq etmək məqsədi ilə hərbçilərimizi oraya ezam edirik. Bu, Əfqanıstanda beynəlxalq sülh qüvvələrinin apardıqları əməliyyatlar baxımından üzərimizə götürdüyümüz öhdəliyin bir hissəsidir. Bu gün, həmçinin mən cənab baş katibə məlumat verdim ki, Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna töhfə vermək məsələsini ciddi şəkildə nəzərdən keçiririk. Gələcəkdə bu cür maliyyə töhfəsinin davam etdirilməsini də nəzərdən keçirə bilərik. Eyni zamanda, biz Diplomatik Akademiyamızda və Sərhəd Qoşunları Akademiyamızda əfqan diplomatları üçün təlim kursları təşkil edirik. Biz, həmçinin istehkamçı və digər humanitar məsələlər üzərində işləyirik və əməkdaşlığımızı genişləndirməyə hazırıq”, - Azərbaycan prezidenti əlavə edib. Azərbaycanın dövlət başçısının sözlərinə görə, NATO-nun baş katibi Anders Foq Rasmussenlə regional təhlükəsizlik məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqları müzakirə edib: “Mən cənab baş katibi bu danışıqların hazırkı durumu ilə tanış etdim və bir daha ümidvar olduğumuzu bəyan etdik ki, bu münaqişə mümkün qədər tez həll olunacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bunun üçün yaxşı hüquqi əsas var. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Biz gözləyirik ki, erməni tərəfi bu qətnamələrə əməl edəcək”. İlham Əliyev qeyd edib ki, Brüsseldə aparılan müzakirələrin müəyyən hissəsi enerji təhlükəsizliyinə həsr olunub: “Bu, bütün ölkələrin - həm hasilatçı, həm istehlakçı ölkələrin milli təhlükəsizliyinin olduqca mühüm elementidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilir və əminəm ki, çevriləcək. Avropadakı istehlakçılarımız, həmçinin NATO-nun üzvü olan dövlətlərdir. Bu mövzu müzakirələrimizin və məsləhətləşmələrimizin bir hissəsidir”.