Prezident İlham Əliyev Şəmkirə səfər etdi

SİYASƏT
00:08 11.09.2013
1841

Ölkə başçısı əsaslı bərpa olunan Alman Lüteran Kilsəsi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə edib. Dövlət başçısı əvvəlcə Şəmkir şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov Prezident İlham Əliyevə abidənin ətrafında və rayonda son illərdə görülən abadlıq işləri barədə məlumat verdi. Azərbaycan Prezidenti Şəmkirdə Bayraq Meydanında yaradılmış şəraitlə tanış oldu, Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi, Mərkəzin ətrafında salınan parkda yaradılmış şəraitlə maraqlandı. Prezident İlham Əliyev Şəmkirə səfəri çərçivəsində Bakı Oksford Məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının açılışında iştirak etdi. Bildirildi ki, akademiya Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Sonra Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon Ağsaqqallar Şurasının sədri Məmməd Əmirov, poliklinikanın həkimi Nüşabə Seyidova, Düyərli kənd 2 nömrəli orta məktəbinin müəllimi İlhamə İbrahimova, “Ataholdinq” ASC-nin qərb filialının əməkdaşı Hidayət Məmmədov Şəmkirin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar. “Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə dövlətimizin başçısına məlumat verən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, layihə üzrə aparılan işlərin podratçısı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dir. Azərbaycan Prezidenti daha sonra Şəmkirdə “Zəka” İntellektual Gənclər Mərkəzinin, “Excelsior Hotel Shamkir” mehmanxanasının açılışlarında iştirak etdi, əsaslı bərpa olunan Alman Lüteran Kilsəsi ilə tanış oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birləşməsinin şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə də tanış oldu.

OXŞAR XƏBƏRLƏR