Prezident İlham Əliyevə tapança hədiyyə olundu- FOTOLAR

SİYASƏT
00:18 12.09.2014
2335

Prezident Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi - “ADEX 2014” ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi - “ADEX 2014” ilə tanış olub.

AZXEBER.COM məlumatına görə, dövlət başçısına məlumat verildi ki, sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyəti iştirak edir.

Burada Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın milli qrupları öz ekspozisiyalarını nümayiş etdirirlər. “ADEX 2014”də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 168 adda müdafiə təyinatlı məmulatı sərgilənir.

Qeyd edildi ki, sərgidə sənaye müəssisələrinin əldə etdikləri ən yeni nailiyyətlər, quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı, kosmik texnologiyalar istiqamətləri üzrə məhsullar nümayiş olunur.

Azərbaycanın dövlət başçısı sərgidə iştirak edən xarici ölkələrin pavilyonlarında da olub.

Sərgi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal edilən ən son model tapança hədiyyə edilib.

Sonra dövlət başçısı sərginin Baku Expo Mərkəzinin həyətində təşkil olunan digər hissəsinə baxıb. Burada əsasən çöl-səhra şəraitində, hərbi hava qüvvələrində istifadə olunan texnika, silah-sursat nümayiş etdirilir.

Sərgi çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda keçiriləcək konfransda müasir hərbi-texniki siyasət üzrə aktual məsələlər müzakirə olunacaq. Ümumilikdə konfransda 200-dən artıq mütəxəssis, hərbi ekspert, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR