“Prezident İlham Əliyevin çıxışı bir daha təsdiq etdi ki…” - Fərid Şahbazlı

SİYASƏT
14:02 27.06.2014
1608
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında nitqi olduqca tarixi əhəmiyyət daşıyır. Cənab Prezidentin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan tamamilə müstəqil siyasət həyata keçirir və bu siyasət yalnız dövlətimizin və xalqımızın milli maraqlarına söykənir”.
AZXEBER.COM-un məlumatına görə, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın hər ötən gün artan siyasi və iqtisadi qüdrətindən, regionda reallaşdırdığı böyük layihələrdən, ölkəmizdə demokratik cəmiyyət quruculuğu istiqamətində görülən mühüm işlərdən söz açıb: “Prezident öz nitqində Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri və gələcək hədəfləri ilə bağlı vacib məqamlara toxundu. İlham Əliyev çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana təcavüzü mövzsunda olduqca önəmli mesajlar verdi. Dövlət başçısı qeyd etdiki, münaqişə bütün regionu təhdid altında saxlamasına və BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, bu qətnamələr hələ də icra olunmur. Baxmayaraq ki, digər nümunələrdə bu qətnamələr bir neçə saat ərzində həyata keçirilir. Bu Cənab Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya birliyinə verdiyi olduqca aydın və qəti mesaj oldu”.
Fərid Şahbazlı qeyd edib ki, Prezident İlham Əliyev nitqində çox aydın şəkildə vurğuladı ki, Azərbaycana insan hüquqları, demokratiya adı altında olunan hücumlar heç də bu məsələlərlə bağlı deyil və bu sadəcə ölkəmizin artan nüfuzunun dövlətimizi sevməyən dairələrdə doğurduğu qısqanclığın nəticəsidir: “Ancaq Prezident olduqca məzmunlu və qətiyyətli çıxışı ilə bir daha nümayiş etdirdi ki, Azərbaycanla heç kim diktə dilində danışa, hansısa hücum və iddialarla ölkəmizin siyasətinə təsir göstərə bilməz. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan hakimiyyətinin siyasəti yalnız xalqımızın maraqlarına xidmət edir. Azərbaycan xalqının böyük etimadı və birmənalı dəstəyini qazanan Cənab Prezidentin bu çıxışından hər kəs öz payına düşən nəticəni çıxaracaq”.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri qeyd edib ki, Prezident İlham Əliyevin AŞPA sessiyasındakı geniş məzmunlu çıxışı, suallara verdiyi olduqca konkret və faktaloji cavablar, prinsipiallığı və qətiyyəti avropalı deputatlar, beynəlxalq ekspertlər, yerli və xarici media tərəfindən olduqca yüksək dəyərləndirilib.
OXŞAR XƏBƏRLƏR