
"Kazinform" agentliyi Prezident İlham Əliyevin Bakı və İrəvanın çoxillik münaqişə səhifəsini bağlamaq və dayanıqlı sülhə keçmək üzrə tarixi qərar qəbul etdikləri barədə sözlərini sitat gətirib. "Nur.kz saytı" Azərbaycan Prezidentinin "Euronews" telekanalına verdiyi müsahibədən sitatlar dərc edib. Müsahibədə dövlətimizin başçısı Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. "Inbusiness.kz" və "Ulysmedia.kz" saytı Prezidentin Qazaxıstandan Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətlərin artıq aradan qaldırıldığı barədə bəyanatına yer verib.

Türkiyənin "Anadolu", "İhlas" xəbər agentlikləri, Rusiyanın "Kommersant", "Komsomolskaya pravda", "Vedomosti", "Vesti", "Qazeta" qəzet və portalları, "TASS" xəbər agentliyi, ərəbdilli "lebanon24", "Al bayader" portalları"nın məqalələrində Azərbaycan liderinin çıxışlarına istinadən vurğulanıb ki, ilk növbədə Ermənistan və Azərbaycan arasında artıq arxada qalmış müharibədən sonra regionda yaranmış yeni reallıqlar, iki ölkə arasında gələcəyə yönəlmiş baxışlar diqqət mərkəzində dayanıb.

Dövlət başçısı qeyd edib ki, otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. "Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik. Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
"gulfpress.net", "inkl.com", "indexbox.io", "alsaudiapress.com" portalları isə Azərbaycan Prezidentinin Davosda beynəlxalq hüquq, Avropanın enerji təhlükəsizliyi və enerji təchizatının geosiyasi aspektləri barədə fikirlərinə yer ayırıblar. Qeyd edilib ki, Avropanın enerji təchizat mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycan Avropa enerji bazarlarında sürətlə mühüm oyunçuya çevrilib.

Rusiyanın "mk.ru", "vesti.ru", "life.ru", "Komsomolskaya pravda", "Vzqlyad" kimi portal və qəzetlərdə Prezident İlham Əliyevin Azərbaycanda ikinci neft bumunun baş verə biləcəyinə dair fikri manşetə çıxarılıb.
Qeyd edək ki, "interfax.ru", "Kommersant", "lenta.ru", "izvestiya.ru" və "vedomosti.ru" saytları məqalələrini "Report"a istinadən yayıblar.



















































