02:53 çərşənbə, 19 Dekabr 2018
TOP4

Prezidentdən Arif Məlikovla bağlı - Sərəncam

17:05, 13.09.20184282
Prezidentdən Arif Məlikovla bağlı - Sərəncam
Prezident İlham Əliyev Arif Məlikovu təltif edib. 

AZXEBER.COM xəbər verir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov "Şöhrət” ordeni ilə təltif edilib.

Prezident həmçinin A. Məlikovu 85 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrik məktubunda bildirilir ki, A. Məlikov Qara Qarayev məktəbinin layiqli davamçısı kimi xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyi çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərib: "Özünəməxsus əlvan musiqi çalarları, dərin koloriti və yüksək bədiiliyi ilə seçilən əsərləriniz professionallığın zirvələri olub, musiqisevərlərin daim rəğbətini qazanmışdır. Fəlsəfi düşüncələr və bəşəri duyğularla aşılanmış ecazkar musiqiniz mənəvi kamilliyə can atmaqda insanlara yaxından kömək edir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən qiymətli əsərləriniz ölkəmizin hüdudlarından kənarda, dünyanın ən məşhur teatrlarında uğurlu səhnə təcəssümünü tapmışdır.

Siz, eyni zamanda, gənclərin hamisi və mahir pedaqoq olaraq Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının müdiri kimi zəngin təcrübənizdən bəhrələnən istedadlı musiqiçilər nəslinin yetişdirilməsində uzun illərdən bəri böyük xidmətlər göstərirsiniz. İctimai-siyasi həyatımızda cərəyan edən mühüm hadisələrə və taleyüklü məsələlərə münasibətdə Siz həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, vətənpərvər və aydın düşüncəli ziyalı kimi də xalqımızın hörmətini qazanmısınız.

Səmərəli, məhsuldar və mənalı həyat yolunuz sənətə sonsuz bağlılığın və xalqa xidmətin bariz nümunəsidir. Yaradıcılığınız dövlət tərəfindən daim lazımınca qiymətləndirilmişdir. Siz müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – Heydər Əliyev mükafatına, "Heydər Əliyev” və "İstiqlal” ordenlərinə layiq görülmüsünüz.

Əminəm ki, Siz bundan sonra da bütün qüvvə və bacarığınızı Azərbaycan mədəniyyətinin inkişafı naminə sərf edəcəksiniz”.

XƏBƏR LENTİ