Geriyə bircə yol qaldı, Çingiz müəllim!

Geriyə bircə yol qaldı, Çingiz müəllim!
KÖŞƏ
18:41 27.10.2022
553

Əfsələddin Ağalarov 

"Böyük Dayaq” filmindəki Rüstəm kişinin evini də mənəmlik yıxmışdı. Ətrafındakı yaltaqlardan o qədər tərif eşitmişdi ki, gözü özündən və onlardan başqa heç kimi görmürdü. Axırda da kolxozun malını talayanlar bir ağacın dibində başına kötüklə möhkəm vurub suya atmışdılar.

Mənəmlik belə bir mərəzdir. Gün ərzində onu say hesabı ilə işlətməkdə fayda var. Bu sayı biraz çoxaldan kimi adamın ayaqları yerdən qopur, ağlı da başından uçur. Son nəticədə sən özünün əsiri olursan.

Rüstəm kişi nümunəsinə bir də baxaq. İnsan kimi yaxşı insan idi, həm də mərd. Amma "mənəmlik” xəstəliyi bədəninə elə yayılmışdı ki, az qala öləcəkdi.

Düzdür, indi nə kolxoz qalıb, nə də kolxoz sədri. "Mənəmçilik” isə...

Mənəmçilik isə qalır, yaşayır, korona kimi bir bədəndən digərinə tullanır. Amma bu korona kimi dadbilməni, iybilməni aparıb aylar sonra onu geri gətirmir. Bu mərəz adamı lap iliyinə kimi məhv edir, sonra nə vaxtsa zirvədən aşağı yuvarlayır.

Elə Çingiz Abdullayevin son hərəkətindəki kimi. O, Azərbaycan cəmiyyəti üçün kifayət qədər tanınan və bilinən bir adamdır. Amma "mənəmlik” mərəzi tanınmağa, yüzlərlə kitabın müəllifi olmağa baxmır.

Jurnalistin sadə bir sualına "utanıb ölmürsən bu sualı mənə verirsən?” deməsini başqa necə izah etmək olar?

Jurnalistin peşəsi onun etik kodeks çərçivəsində istənilən sualı verməsinə, hansısa bir məsələni sorğulamasına imkan yaradır. Mənəmliyi bir kənara qoyub sakit tərzdə, təmkinlə bu suala cavab vermək ən optimal yol olardı. Amma...

Amma Rüstəm kişi də belə etmişdi. Ona sual verən, onu sorğulayan və yaltaq olmayan insanlara aqressiya nümayiş etdirmişdi. Sonda olan kolxozun dağıdılan malına və ənsəsinən aldığı zərbə oldu.

Əslində isə, hər şey daha fərqli ola bilərdi.

Gəlin, yaddaşınızı təzələyim. Azərbaycan prezidentinə 44 Günlük Müharibə dönəmində Sorosun göndərdiyi onlarla jurnalist qərəzli, provakativ sual vermişdi. Ölkə başçısı bütün bu sualları rahat, səlis, onların gözlərinin içinə baxa-baxa diplomatik formada cavablandırmışdı. Həm də tək başına. Birində belə aqressiya nümayiş etdirməmiş, əksinə gülümsəyərək qarşısındakı bütün qaranlıq maskaları cırıb tullamışdı.

Məhz bu nümunə həm məmuruna, həm ziyalısına, həm də istənilən şəxsə örnəkdir.

İndi gənc bir jurnalistin sualı onun təhqir olunmasına səbəb olmamalıydı. Oldusa...

Odusa deməli Xalq Yazıçısının bundan sonra bir böyüklük etmə şansı qalır. Bunu etsə kolxozçuluğu da, ona alqış tutan kolxoz təfəkkürlü adamları da susduracaq, öz böyüklüyünə böyüklük qatacaq.

Yalnız geridə bircə bu yol var. "Baku TV”nin müxbirini çağırıb onunla danışmaq və könlünü almaq. Çingiz Abdullayev bunu etsə, onun Dronqosu da xoşbəxt olacaq, o Dronqonun fanatları da. Elə azad söz də! Elə biz də!

 

 

OXŞAR XƏBƏRLƏR