"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq

"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
SİYASƏT
16:20 27.08.2025
379
"Prezident İlham Əliyev Əl-Ərəbiyyə telekanalına çox geniş müsahibə verib və müsahibədə bir sıra mühüm məsələlərə toxunub. Vaşinqton razılaşması, Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda sülh prosesi, regional siyasət, Azərbaycanın qlobal miqyasda sülhə və təhlükəsizliyə verdiyi töhfələr və digər amillər vurğulanıb. Bu xüsusda Rusiyaya dair sual ciddi maraq doğurur. Cənab Prezidentin verdiyi cavabında söylədiyi məqamlar da, mətn altı ifadələr də təhlil olunmaqdadır".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında politoloq İlyas Hüseynov xanım jurnalistin Prezidentə müsahibə zamanı Rusiya ilə bağlı ciddi maraq doğuran sual verməsinə münasibət bildirərkən deyib.
 
O bildirib ki, jurnalistin Prezidentə ünvanladığı sualın qoyuluşunun təhdid mesajı daşıması özünü biruzə verir:
 
"Hesab edirəm ki, sualın qoyuluşunun təhdid mesajı daşıması da özünü göstərir. Çünki jurnalist burada coğrafiyanı, təhlizi və digər məsələləri nəzərdə tutur. Azərbaycanın coğrafiyası çox həssasdır. Məlumdur ki, tarixən bu coğrafiyada müharibələr, kommunikasiya xətləri, nəqliyyat marşrutları, ticarət yolları uğrunda mübarizə gedib və sonra bu, karbohidrogen ehtiyatlar uğrunda mübarizəyə çevrilib. Lakin Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra güclü ordu quruçuluğuna start verib və bunun nəticəsidir ki, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam şəkildə təmin edib. Biz əzəli torpaqlarımızı işğaldan azad etmişik və bu gün bir sıra təhdidlər olsa da düşünmürəm ki, onlar çox ciddi şəkildə təhlükəsizliyə təhdid yarada bilər. Söhbət dəhlizlərdən və coğrafiyadan gedirsə, Azərbaycan etibarlı şəkildə öz təhlükəsizliyini təmin edir.
 
Cənab Prezident Əl-Ərəbiyyə telekanalına müsahibəsi ilə yanaşı, həm də keçmiş məcburi köçkünlərlə görüşündə də bildirdi ki, müasir qırıcılar alınır, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi genişlənib, yeni komando hərbi birləşmələri yaradılıb və yeni artilleriya hava hücumundan müdafiə sistemləri, eyni zamanda müasir silah-sursat texnikaları əldə olunmaqdadır. Bizim çox güclü ordumuz var, onun texniki təminatı da sürətli şəkildə həyata keçirilir. Əgər hər hansısa ərazi bütövlüyümüzə, müstəqilliyimizə, torpaqlarımızın bütünlüyünə qarşı təhdidlər, eskalasiya elementləri olacaqsa, Azərbaycan buna çox qəti cavab verəcək. Bunu hamı bilsin və heç kim şübhə etməsin".
 
Siyasi ekspert qeyd edib ki, bizim otuz il ərzində tək düşmənimiz Ermənistan olub və artıq Vaşinqton razılaşması ilə müharibə ehtimalları aradan çıxıb:

"Digər tərəfdən, bizim hansısa dövlətlərlə müharibə etmək niyyətimiz yoxdur. Otuz illik münaqişə dövründə bizim yeganə düşmənimiz Ermənistan idi və artıq Vaşinqton razılaşmaları da müharibə ehtimallarını, nifrət nitqini, gələcək nəsillər qarşısında müharibə elementlərini aradan götürür. Hesab edirəm ki, Ermənistan Konstitusiyası dəyişdirildikdən sonra Azərbaycan və Ermənistan arasında genişmiqyaslı sülh də imzalanacaq və hansısa geosiyasi mərkəzlər buna maraqlı olmasa, tərəfkeşlik sisteminin daha da dayanıqlı olmasına töhfə verməyə çalışsa, bu daha uyğun və münasib olar".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR