"Azərbaycan Prezidenti İlham Əliyevin "Əl-Ərəbiyyə” telekanalına müsahibəsi bir çox mühüm məqamlarla yanaşı, Bakı-Moskva münasibətlərində son illərin ən ciddi böhran məqamlarından birinə də işıq saldı. Prezidentin açıqlamaları həm hüquqi, həm etik, həm də geosiyasi baxımdan mühüm siqnallar verdi".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Prezident Rusiya təbliğatçılarının yanlış iddialarını bir daha alt-üst etdi və mülki təyyarəmizin təsadüfən vurulmadığını açıqladı:
"Prezident Rusiya təbliğatçılarının ictimai rəyin yanlış istiqamətə yönləndirilməsinə xidmət edən iddialarını bir daha alt-üst etməklə, iki ölkə arasında etimadın sarsılmasına səbəb olan amilin Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması ilə bağlı olduğunu bildirib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Rusiya hava limanlarına dron hücumu zamanı tətbiq etdiyi xüsusi "xalça” rejimi Azərbaycanın mülki təyyarəsi Rusiyanın hava məkanında olduğu zaman salınmayıb və bu barədə xəbərdarlıq edilməyib. Əksinə, siqnal yalnız Azərbaycan təyyarəsi vurulduqdan sonra verilib. Təyyarəyə iki dəfə atəş açılması faktı, həmçinin gövdədəki qəlpə izləri hadisənin təsadüfi olmadığını göstərir".
Deputat qeyd edib ki, dövlət başçımız müsahibə zamanı real mənzərəni nümayiş etdirən və hüquqi dövlətlərə xas olan davranışla bağlı maraqlı paralellər apardı:
"Prezident İlham Əliyev müsahibəsində real mənzərəni nümayiş etdirən və hüquqi dövlətlərə xas olan davranışla bağlı maraqlı paralellər aparır: 2020-ci ilin noyabrında Azərbaycan hərbi əməliyyatların getdiyi bir zamanda ölkəmizin sərhədlərinə doğru yaxınlaşan Rusiya helikopterini vuranda, hadisənin baş verməsinə haqq qazandıra biləcək bütün məqamları bir kənara qoyaraq, dərhal məsuliyyəti üzərinə götürüb, dövlət başçısı şəxsən üzr istəyib, təzminat ödənilib və məsul şəxslər cəzalandırılıb. Bu nümunə göstərir ki, Bakı beynəlxalq hüquq və etik prinsiplərə əməl edir. Rusiya isə eyni yanaşmanı sərgiləməyib və hələ də insidentlə bağlı aydın mövqe ortaya qoymayıb".
Parlament nümayəndəsi əlavə edib ki, prezident açıq şəkildə Rusiyanın bu cür addım atmasına münasibət bildirərək sözügedən faciənin məyusluq və böyük qəzəb yaratdığını dilə gətirib:
"Prezident açıq şəkildə bildirdi ki, bu hadisə Azərbaycan ictimaiyyətində məyusluq və qəzəb yaradıb. Başqa bir narahatedici məqam isə Rusiyada azərbaycanlılara qarşı baş verən, iki nəfərin qətlə yetirilməsi və işgəncələrlə müşaiyət olunan zorakılıq hadisələridir. Prezident İlham Əliyevin baş verənlərə münasibətdə "bu, misli görünməmiş hərəkətdir” deməsi, hadisənin miqyasını və Azərbaycan xalqının, dövlətinin mövqeyini ifadə edir. Prezident bir daha yanlış yol seçənlərə münasibətdə qətiyyətli mövqeyini ifadə edib: Azərbaycan qarşı tərəfin təxribat və hörmətsizlik addımlarına dözməyəcək, amma cavab konstruktiv və hüquqi çərçivədə olacaq". Şübhəsiz ki, baş verənlər Bakı-Moskva münasibətlərində yeni mərhələ yaradıb. Azərbaycanın reaksiyası göstərir ki, Bakı öz milli maraqlarını qorumaqda qətiyyətlidir və eyni zamanda emosional deyil, hüquqa əsaslanan siyasət yürüdür. Rusiya üçün isə bu böhran, Cənubi Qafqazda nüfuzunun zəifləməsinin kifayət qədər ciddi əlaməti ola bilər".
E. Mirzəbəyli sonda jurnalistin prezidentə ünvanladığı sualın mahiyyətini açıqlayıb:
"Jurnalistin sualı, zənnimcə, əsasən Zəngəzur, Araz və Şimal-Cənub marşrutları, eləcə də Azərbaycan–Ermənistan sülh xəttinə Rusiyanın müdaxiləsi risklərini nəzərdə tutur. Rusiya Azərbaycana qarşı, düzdür, son dövrlər bu ehtimallar nə qədər azalsa da qeyri-kinetik (diplomatik, informasiya, iqtisadi, kiber) təzyiq alətlərindən istifadə etməyə cəhd göstərə bilər. Lakin Azərbaycanın şaxələndirilmiş marşrutları, hüquqa söykənən mövqeyi və real çəkindiricilik imkanları bu riskləri idarə olunan səviyyədə saxlayır. Bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkdiyim məqamlar Azərbaycanın milli maraqların müdafiəsində prinsipial və güzəştsiz mövqeyə malik olduğu və bu prinsiplərə sadiq qaldığı, eləcə də ölkəmizin məsuliyyətli və hüquqa sadiq tərəfdaş olduğu mesajını verir".
Mikayıl Mirzəzadə