Prezidentin etimadını doğrultmayan kadr: Elxan İbrahimov niyə işdən çıxarıldı?

Prezidentin etimadını doğrultmayan kadr: Elxan İbrahimov niyə işdən çıxarıldı?
SİYASƏT
17:09 07.01.2026
895
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, noyabr ayında bir neçə icra başçısını təyin etsə də, onlardan birini bir ay sonra vəzifəsindən azad etmək məcburiyyətində qalıb. Prezident vurğulayıb ki, 22 illik fəaliyyəti ərzində kadr seçimi zamanı etimad göstərib, lakin bəzi kadrlar sosial ədalət, rüşvətxorluq və korrupsiyaya qarşı verdiyi tövsiyələrə əməl etməyiblər.

AĞ Partiyanın sədri Tural Abbaslı AZXEBER.COM-a açıqlamasında bildirib ki, Nəsimi rayonunun keçmiş icra başçısı ən qısa müddətdə vəzifədən kənarlaşdırılan məmurlardan biri oldu:

"Nəsimi rayonunun keçmiş icra başçısı son dövrlərin ən qısa müddətdə vəzifədən kənarlaşdırılan məmurlarından biri oldu. Çünki onun qəbulu və vəzifəyə təyin olunması efirlər vasitəsilə geniş tirajlandı, sosial mediada yayıldı və hər biri açıq şəkildə Prezidentə verdikləri vədlərlə yadda qaldı. Lakin görünür ki, həmin şəxsin xarakterində müəyyən problemlər olub ki, 40 gün ərzində göstərilən etimadı doğrulda bilmədi və vəzifəsindən uzaqlaşdırıldı”. 

O bildirib ki, kadr məsələsi hər zaman son dərəcə həssas və vacib məsələ olub:

"Kadr məsələsi hər zaman son dərəcə həssas və vacib məsələ olub. Məhz buna görə də sistem elə qurulmalıdır ki, kadrlar üzərində effektiv nəzarət mexanizmləri mövcud olsun və onlar tam şəkildə öz öhdəsinə buraxılmasın. Prezidentin də qeyd etdiyi kimi, kadr məsələsi çox ciddi məsələdir. Kadrların yetişməsi, formalaşması, məsuliyyəti dərk etməsi, xalqa xidmət göstərməsi və xalqın maraqlarının şəxsi maraqlardan üstün tutulması əsas prinsiplərdən olmalıdır. Bu sahədə yol verilən boşluqlar gələcəkdə Azərbaycan üçün daha böyük problemlər yarada bilər. Çünki Azərbaycanda siyasi partiyalar sistemi kifayət qədər zəifləyib”.

Partiya sədri qeyd edib ki, məmurlar vəzifəyə gəlməzdən əvvəl müəyyən institutlarda yetişdirilməlidirlər:

"Məmurlar, dövlət idarəçiləri və qurumlara rəhbərlik edəcək şəxslər məhz siyasi partiyalarda yetişməli, müəyyən siyasi məktəbdən keçməlidirlər. Onlar bu mərhələni keçdikdən sonra vəzifələrə təyin olunmalıdırlar.
Hazırda isə bir çox hallarda şəxslər özəl sektordan gəlir, bəzilərinin ümumiyyətlə siyasi keçmişi və təcrübəsi olmur. Belə şəxslər qəfil yüksək vəzifələrə təyin olunduqda isə bəzən öz nəfs və maraqlarının qurbanına çevrilirlər. Düzdür, burada zaminlik institutu məsələsi də var. Həmin kadrı  irəli sürən, onun üçün məsuliyyət daşıyan şəxs olur. 

Dövlət olaraq çalışmalıyıq ki, kadr yetişdirən institutların fəaliyyətini tənzimləyək və onların keyfiyyətini artıraq”.

Qeyd edək ki, Elxan İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR