"İlham Əliyev informasiya cəbhəsinin də Ali Baş Komandanıdır"

"İlham Əliyev informasiya cəbhəsinin də Ali Baş Komandanıdır"
SOSİAL
15:42 08.11.2022
320
'Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə Ali Baş Komandan kimi rolu, qəhrəmanlığı əsl sərkərdə portretini gözlər önünə sərdi".

Bunu AZXEBER.COM-a "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı Vətən Müharibəsindən danışarkən deyib. 
 


Sədr bildirib ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində fiziki müharibə ilə yanaşı, informasiya müharibəsinin də içində idi:

"Gəlin xatırlayaq, biz 44 günlük müqəddəs savaş günlərində fiziki müharibə ilə yanaşı, həm də informasiya müharibəsinin də içində idik, buna görə də Azərbaycanın haqq səsini dünyaya çatdırmaq lazım idi...
 
Ali Baş Komandan öz məğrur duruşu, proseslərə praqmatik yanaşmaları və net mesajları ilə informasiya cəbhəsində də Azərbaycanın maraqlarını bütün istiqamətlər üzrə dünyanın müxtəlif transmilli informasiya mərkəzlərində addım-addım bərqərar etməyə başladı".

Nihad Allahyarlı əlavə edib ki, Prezident İlham Əliyevin müharibə boyunca verdiyi müsahibələr ən vacib mənbədən informasiya axınını təmin edirdi:

"Prezident İlham Əliyev Vətən müharibəsi boyunca Azərbaycanın beynəlxalq informasiya siyasətinin konturlarını şəxsən cızır, verdiyi müsahibələri ilə dünyanın aparıcı televiziya kanallarına, çox populyar informasiya agentliklərinə, beynəlxalq oxucu auditoriyasına malik qəzetlərə birbaşa ən vacib mənbədən informasiya axınını təmin edirdi. Prezidentimizin "Əl-Cəzirə”, "TRT Haber”, "CNN Türk”, "Euro­news”, "CNN international”, "Haber Global”, "France 24”, Yaponiyanın "Nikkei”, ABŞ-ın "Fox News”, İtaliyanın "Rai 1”, Almaniyanın "ARD”, "BBC News” kimi transmilli TV kanallarına müsahibələrindəki möhtəşəm diplomatik gedişləri Rusiyanın "Pervıy kanalı”na, RBK-ya, "Ria Novosti”, "TASS”, "İnterfaks” kimi informasiya agentliklərinə bir növ obyektivlik dərsi verməsi Azərbaycan xalqının Liderinin simasında qətiyyətli duruşunu, tarixi mövqeyini ortaya qoyurdu.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi müddətində verdiyi 30 müsahibə ilə bütün dünyanın mövcud vəziyyətə baxış bucağını dəyişdi, Azərbaycanın haqlı mövqeyini ortaya qoydu, "fake news”ların qarşısını aldı və qlobal informasiya arenasında ölkəmizlə bağlı etibarlı informasiya mühiti yaratdı.

Azərbaycan gəncliyi də bu prosesdən kənarda qalmadı, Liderinin addımlarını izləyib dünyanın siyasi gündəminin formalaşdığı "Twitter” sosial şəbəkəsi vasitəsilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətlərini dünya gündəminə çevirir, Azərbaycanın Qarabağla bağlı tarixi həqiqətlərini, erməni qatillərin yüzilliklər ərzində xalqımıza qarşı aqressiv yanaşmasını dəqiq faktlarla ortaya qoyur, Ali Baş Komandanın Zəfər tvitlərini çoşquyla qarşılayıb informasiya cəbhəsində də Liderinin davamçısı olduğunu hər addımda nümayiş etdirirdi".

Sədr xatırladıb ki, Prezident həm də Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə dolğun şəkildə çatdıra bilirdi:

"İnformasiya cəbhəsinin də Ali Baş Komandanı olan İlham Əliyev Vətən müharibəsindən sonrakı dövrdə beynəlxalq səfərləri zamanı xarici media nümayəndələrinə verdiyi müsahibələrdə, işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı isə yerli media nümayəndələrinə verdiyi müsahibələr vasitəsilə postmüharibə dövrünün reallıqları haqqında dünya və ölkə ictimaiyyətinə dolğun, mövcud reallıqları əks etdirən mesajlar verməyə davam edirdi. Məsələn, Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü. Bu görüşdə "Rossiyskaya qazeta”, "Rossiya Seqodnya”, "RT” telekanalının, "Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin, NTV,  "Nezavisimaya qazeta”, Ümumrusiya Dövlət Teleradio Yayımlar şirkətinin, "Rossiya-24” telekanalının rəhbərləri, baş redaktorları iştirak edirdi. Çoxspektrli suallar olmasına baxmayaraq, dövlət başçımız tam səmimi, arqumentlərlə zəngin, tarixi faktlara əsaslanan, dolğun və hərtərəfli cavabları ilə media nümayəndələrini ram edə bildi.

Digər bir nümunə: Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərini xatırlayaq. Onun Çernobbio şəhərində "The European House – Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi beynəlxalq forumdakı çıxışı zamanı səsləndirdiyi fikirlər və yerli KİV-lərə açıqlamaları ilə bağlı "RAI” televiziya kanalı, "La7”, "il Messaggero”, "İl Sole 24 Ore”, "Affari Italiani”, AGI”, "Agenzia Nova”, "Libero Quotidiano”, "Borsa Italiana”, "Italpress”, "Italia Informa”, "Notize Yahoo”, "Tg cal24”, "La Sicilia”, "Mi-lorenteggio”, "Gazzetta di Parma”, "L'Edicola del Sud”, "Blog Sicilia”, "Audio press”, "Giornale Partite Iva” kimi mətbuat orqanları da daxil olmaqla çoxsaylı kütləvi informasiya vasitələrində 100-dək məqalə, məlumat və videoreportaj yayımlandı. 

Başqa bir misal olaraq Prezident İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın "İl Sole 24 Ore” qəzetinə müsahibəsini göstərmək olar. 

Nihad Allahyarlı sonda qeyd edib ki, Prezidentin qrossmeyster gedişləri bütün jurnalistlər üçün bir nümunə oldu:

"Prezidentin informasiya müharibəsindəki bütün bu qrossmeyster gedişləri bizimçün nəyi necə etməli olduğumuzun yol xəritəsidir. Müasir dövrdə informasiya müharibəsi həyatımızın tərkib hissəsidir. Biz - gənclər bütün sahələrdə və məsələlərdə olduğu kimi, Liderimizin addımlarını izləməli, qlobal informasiya cəbhəsində daim Azərbaycanın maraqlarının bərqərar olması üçün iş aparmalıyıq".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR