Pulsuz təhsil tələbələrə nə verəcək? - Deputat danışır

SİYASƏT
15:45 29.10.2013
2550

“Bu qərar dövlətin aztəminatlı və ya imkansız şəxslərə qayğı göstərdiyini sübut edir”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, professor Musa Qasımlı Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı qəbul edilən qanuna münasibət bildirərkən belə deyib.

Deputatın fikrincə, bu qanun bir daha Azərbaycanın sosial dövlət olduğunu sübut edir:

“Orta təhsil müəssəsələrində və ali məktəblərdə təhsil alan valideyn himayəsindən məhrum və yetim uşaqların təhsil haqlarından azad edilməsini müsbət qiymətləndirirəm. Belə bir qərarın qəbul edilməsi Azərbaycanın sosial dövlət olduğunun göstəricisidir. Bu bir daha dövlətin aztəminatlı və ya imkansız şəxslərə qayğı göstərdiyini sübut edir. İstedadlı və valideyin himayəsindən məhrum olunmuş uşaqların təhsil haqlarının dövlət büdcəsindən ödənilməsi onların elmi araşdırmalarına, təhsillərini daha yaxşı davam etdirmələrinə stimul verəcək”.

Xatrıladaq ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən "Orta ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi" və "Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsi"nə müvafiq dəyişikliklər edilib. Bu dəyişiklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Eyni dəyişiklik rezidentura və doktorantura təhsilinə də şamil edilib.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR