Putin Azərbaycandan nə istəyir?

Putin Azərbaycandan nə istəyir?
SİYASƏT
00:57 04.03.2016
5571
Son günlər Rusiyanın yüksək vəzifəli məmurları Azərbaycana tez-tez səfər edir. Məsələn, Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Azərbaycana səfərə gəlib.

Roqozin Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib.

Martın 4-də isə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya səfər edəcək. Karasinin Azərbaycan xarici işlər nazirliyinin rəhbərliyi ilə keçirəcəyi məsləhətləşmələrdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq. Danışıqlarda həmçinin müxtəlif səviyyələrdə ikitərəfli görüşlərin keçirilməsinin perspektivlərinə toxunulacaq.

“Azərbaycan XİN rəhbərliyi ilə görüşlərimiz olacaq. Gündəmimiz genişdir, ikitərəfli əlaqələr, regional və Cənub Qafqazdakı problemləri müzakirə edəcəyik. Toxunulacaq mövzular kifayət qədərdir”, - Karasin bildirib.
Rusiya prezidenti Vladimir Putinin yüksək səlahiyətli nümayəndələrini Azərbaycana göndərməsini politoloq Qabil Hüseynli ANS PRESS-ə şərh edərkən bildirib ki, rəsmi Moskva Bakını itirməkdən qorxur.

“Cənubi Qafqazda gedən proseslər, xüsusi ilə Azərbaycanın Qərb yönümlü siyasətinin üzə çıxması Qərblə qurulan iqtisadi və siyasi əlaqələr Rusiyanı ciddi surətdə narahat etməkdədir. Rusiyanın narahatlıqlar üçün hər cür əsası var. Çünki Rusiya qazının Avropa bazarlarında dünənə qədərki qibtəedici mövqeyi və bundan siyasi divident götürməsi sarsıla bilər və ya azala bilər. Bu iqtisadi zəmin üzərində dövlətlərin yeni bir konfiqurasiyası formalaşa bilər və bunun da antirus xarakterli ola biləcəyi ehtimalı yüksəkdir”, - deyə Qabil Hüseynli bildirib.
Xatırladaq ki, ötən ay Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda səfərdə olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş vermiş terror aktı zamanı baş vermiş faciə ilə əlaqədar Bakıya gələ bilməməsi səbəbindən Azərbaycana Çavuşoğlu gəlib və burada yüksək səviyəli görüşlər keçirib. Ümumiyyətlə, son illər Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da isinməsi Rusiyanı ciddi şəkildə narahat edir.
OXŞAR XƏBƏRLƏR