Rusiya Prezidenti Vladimir Putin Hindistana enerji təchizatının davam etdirilməsinə hazır olduqlarını bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, 2030-cu ilə qədər iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalandığını açıqlayıb.
Putin bu bəyanatı Hindistanın Baş naziri Narendra Modi ilə Yeni Dehlidə keçirilən görüşdən sonra verib. O, danışıqları "faydalı və konstruktiv” adlandıraraq Modi ilə "səmimi təkbətək söhbət” üçün təşəkkür edib.
Rusiya lideri iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 12 faiz artaraq 65 milyard dollara çatdığını, hədəfin isə bu rəqəmi illik 100 milyard dollara yüksəltmək olduğunu deyib.
Putin həmçinin Hindistanın Rusiya üçün vacib ticarət və hərbi-texniki tərəfdaş olduğunu qeyd edib:
"Yarım əsrdən çoxdur ki, Rusiyanın Hindistan ordusunun təchizat və modernləşməsində rolu var. Danışıqların nəticələri bizi tam şəkildə qane edir”.
Onun sözlərinə görə, 2030-cu ilə qədər Rusiya-Hindistan iqtisadi əməkdaşlığının inkişaf proqramı üzrə razılıq əldə olunub və bu, iki ölkə arasındakı strateji münasibətləri daha da möhkəmləndirəcək.
Gülay










































