Putin Ərdoğanın sözçüsü ilə görüşdü

Putin Ərdoğanın sözçüsü ilə görüşdü
DÜNYA
16:24 06.04.2023
195
Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalını qəbul edib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov İbrahim Kalın və Rusiya prezidenti Vladimir Putinin paytaxt Moskvada görüşdüyünü açıqlayıb.

Jurnalistlərin suallarını cavablandıran Peskov deyib:

"Belə bir görüşün baş tutması doğrudur. Bu görüşdə Akkuyu Atom Elektrik Stansiyası da daxil olmaqla, ölkələrimizin gündəmində olan böyük enerji layihələrinin icra prosesləri müzakirə olunub. Təbii ki, bu görüş zamanı yanacağın stansiyaya təhvil verilməsi mərasiminin necə keçiriləcəyi də müzakirə olundu”.

Peskov həmçinin bəyan edib ki, Rusiya AES-in açılış mərasimində lazımi səviyyədə iştirak edəcək.

O bildirib ki, Mersində tikilən Akkuyu Atom Elektrik Stansiyasının açılışı aprelin 27-də olacaq. Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə Rusiya prezidenti Putinin mərasim üçün Türkiyəyə gələ biləcəyini və ya onlayn şəkildə iştirak edə biləcəyini bəyan edib. 

Kremlin sözçüsü Peskov isə verdiyi açıqlamada Putinin açılış mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar verilmədiyini bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR