Rusiya prezidenti Vladimir Putin Donald Trampı ABŞ-da keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
"Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, iki ölkənin münasibətlərinin böhrandan çıxarılması ilə bağlı birgə əməkdaşlığa ümidvar olduğunu bildirib.
"V.Putin Rusiya-ABŞ münasibətlərinin böhrandan çıxarılması ilə bağlı, eləcə də aktual beynəlxalq məsələlərin həlli üzrə birgə işlərin görüləcəyinə ümidvar olduğunu bildirib",- teleqramda deyilir.
Rusiya prezidenti əminliklə bildirib ki, bərabər hüquq, qarşılıqlı hörmət prinsiplərii əsasında Moskva və Vaşinqton arasında konstruktiv dialoqun qurulması hər iki ölkənin xalqları və ümumilikdə bütün dünya ictimaiyyətinin maraqlarına cavab verir.
Putin Trampa bu məsuliyyətli işində uğurlar arzulayıb.