ABŞ lideri Donald Trampın Rusiya lideri Vladimir Putini Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında qarşılaşması zamanı maraqlı anlar yaşanıb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, liderlər qırmızı xalıda irəliləyən zaman havada "B-2 Spirit” bombardımançı uçuş edib.
Bunun aviaşou yoxsa, subliminal mesaj olduğu isə sual olaraq qalır.
Belə ki, Tramp daha öncə "Avqustun 15-də Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitində Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair razılıq əldə olunmasa, Rusiya ciddi nəticələrlə üzləşəcək” açıqlaması ilə Rusiyaya xəbərdarlıq etmişdi.
Qeyd edək ki, "B-2 Spirit” dünyanın ən məhvedici silahlarından biri sayılır. ”B-2” düşmənin Hava Hücumundan Müdafiə komplekslərindən yan keçə və 40 tona qədər bomba ilə 10 min kilometr məsafəni havada yanacaq doldurmadan qət edə bilir. ”Stels” texnologiyalı "B-2”ni qorxulu edən onun radarlara yaxalanmamasıdır.