Ölkəsinə qarşı üsyana başlayan "Vaqner” lideri Priqojin onu satqın elan edən Rusiya Prezidenti Vladimir Putinə qarşı sərt sözlər səsləndirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "O, məni satqın elan etməklə səhv etdi. Heç bir Vaqner döyüşçüsü dövlət başçısının və ya FSB-nin tələbi ilə özünü günahkar hesab edib təslim olmaq niyyətində deyil", - deyə Priqojin Putinə cavab verib.
Sosial mediada paylaşılan görüntülərdə Vaqner qırıcılarının zirehli texnika və tanklarla Rusiya Cənub Hərbi Dairəsinin qərargah binası ətrafında yerləşdirildiyi görünür. Vaqner döyüşçüləri ağır silahları Rusiya Müdafiə Nazirliyinin binasının qapı və pəncərələrinə yerləşdiriblər. Rostov-Na-Don küçələrində kritik nöqtələrə nəzarət etməyə çalışan Vaqner qrupu üzvlərinin hərəkəti görünür.
Rusiya Cənub Hərbi Dairəsinin Baş Qərargahı qarşısında hərbçilərlə əl sıxan görüntülənən Vaqnerin qurucusu Priqojin deyib:
"Bir daha deyirəm. Şoyqunu və Baş Qərargah rəisini burada istəyirik. Onlar gələnə qədər burada olacağıq. Biz Rostovun qarşısını kəsib Moskvaya gedəcəyik".
Priqojin Telegram kanalında paylaşdığı görüntüdə "Qərargahdayıq. Rostovdakı hərbi hava limanı da daxil olmaqla, hərbi obyektlər də bizim nəzarətimizdədir. Qərargah fəaliyyət göstərir", - deyib.
Baş qərargah rəisinin qərargahdan qaçdığını iddia edən Priqojin sözlərinə belə davam edib: "Hər şey nəzarətdədir. Hava Qüvvələrinin bizə yox, ukraynalılara hücum etməsinə çalışırıq. Vaqnerin cəbhədə orduya mane olduğu xəbərinə qulaq asmayın. Cəbhədə vəziyyət bizə görə pisləşməyib. Xeyli torpaqlar itirildi. Ölən rus əsgərlərinin sayı yuxarılara bildirilənlərdən 3-4 dəfə çoxdur. Bəzi günlərdə 1000-ə qədər əsgər itirilir”.
Mikayıl