"Qız verirəm, hələ bir cehiz də verməliyəm?"

MARAQLI
04:09 11.04.2011
4304

Oğlan evi toyu qonaqların yazdırdıqları pul hesabına qismən qarşılasa da, qız evi borc-xərc demir, olan-olmaz pulunun hamısını əşyaya çevirib cehiz verirlər. Bəziləri hətta illərlə ödəyəcəkləri borcun altına girirlər ki, qızı “yad evdə” diligödək olmasın.

 

Russayağı cehiz

Qıza verilən cehizin mənasına gəlincə, onu ata ocağından gəlin getdiyi yeni yuvasına hədiyyələrlə yola salmaq, doğulub böyütdüyü evdən ona yadigar qalacaq, ehtiyac duya biləcəyi əşyalarla təmin etməkdən ibarətdir. Belə ki, toydan iki-üç gün əvvəl gəlinin cehizini gətirirlər. Bunu gəlinin qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları, bəyin dostları və “qardaşlığı” edir.  Ana gəlinin cehizini düşürmək üçün gəlinin qardaşına nəmər verir.  Sonra gəlinin yengəsi, bacısı və ya qohumlarından biri evi bəzəməyə gəlirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qaynana evi bəzəyənlərə də xələt verir.
Azərbaycanın bir çox bölgələrində qız evi cehiz almaq üçün oğlan evindən müxtəlif məbləğdə başlıq da tələb edir.  Elə keçmiş zamanlarda da belə olub. Ancaq əvvəlki illərdə gəlinin gətirdiyi cehizlər, çəkilən xərclər çox da baha başa gəlməzdi. 75 yaşlı Əzizə nənə deyir ki, gəlinin cehizi özünün həsir, xalçası, bir də ki, mis qab-qacaq və yorğan-döşəkdən ibarət olardı: “Təqribən 1880-1890-cı illərdə gəlinlərə palaz, kilim, həsir, ağac taxt, nimdər, mütəkkə, yorğan-döşək, məfrəş, mis və saxsı qablar, taxta mətbəx əşyaları, pərdələr, möhür, təsbeh, lampa, güzgü və digər vacib ləvazimatlar cehiz verərdilər. Gəlini at üstündə, cehizlərini isə araba ilə göndərərdilər. Gəlin əyninə çaxçur, arxalıq, baharı geyinər, onun üzünə rübənd, başına duvaq salınardı. Gəlin qayınanasına və özünə çadra da götürərdi”.
1930-1940-cı illərdə isə bir az fərqli olub: “Gəlinlər yorğan-döşək, mütəkkə, balış, xalça, palaz, həsir, mis qablar, alüminium qaşıqlar, çəngəllər, nimçələr, saxsı qablar, ət taxtası, oxlov, sandıq, pərdələr, güzgü, şamdan, dəmir çarpayı və s. əşyaları  cehiz aparırdılar. Gəlinlər başına tirmə şal örtüb bəy evinə faytonla yola salınırdı. O vaxt əlli il əvvəlkindən fərqli olaraq, gəlin baldız, qayınana və qayınata üçün özünün toxuduğu araxçın, təlis, tütün kisəsi, pul kisəsi, paltar, sandıq üstü örtüklər, süfrələr də gətirərdi”.

Maşın-maşın cehizi var,  hələ diplomu da gəlinimin...

Əzizə nənənin dediklərini göz önünə gətirəndə müasir dövrümüzdə gəlinə verilən cehizlərin, toya çəkilən xərclərin həddindən artıq çox olması  təəccüblü görünür. Çünki indiki dövrdə qıza dəbdəbəli cehiz vermək hələ də ənənə, dəb halındadır. Ailə var-yoxundan çıxır ki, qıza verilən cehiz oğlan evinə göndərildikdən sonra tənqid hədəfinə çevrilməsin. Bir sözlə, qohum-qonşu “bu qədər cehiz verdi” desin,  ya da “bir televizor belə, vermədi” deməsin. Elə 5 il öncə bu prinsipi əsas tutaraq kredit götürüb, qızına 5 min manatlıq cehiz verən Minayə xala kimi.  “Qızıma bir maşın cehiz verdim. Demək olar ki, hər şey - çay qaşığından tutmuş iri əşyalarına kimi. Qızım ayağını dirədi, hər istədiyini aldırdı. İndi də borcun içində üzürük. Hələ bu azmış kimi, qayınanası hər gün qızıma verdiyim cehizə lağ da edir. Cehizin az olduğunu deyib, gəlininin qəlbinə dəyir”. 
Minayə xaladan fərqli olaraq, Ofeliya adlı xanım 26 yaşlı qızını köçürərkən cehiz əvəzi diplom verib: “Qızımı oxutdurub, əlinə də diplom vermişəm. Sabah gedib, ər evində işləyib çörək qazanacaq. Əlbəttə ki, öz ailəsi üçün. Cehizə gəlincə, elə mən onun diplomuna bir cehizin pulunu xərcləmişəm. Yüngülvari cehiz verdim. Əksəriyyəti xırda əşyalar idi”. Ofeliya xanım deyir ki, cehiz imkan daxilində verilməlidir: “Kimsə verdiyi cehizlə öyünməməlidir. Kimin nəyə imkanı çatır, onu da versin. Valideyni cehizə görə çətinə salmaq düzgün deyil”. Naibə adlı xanım deyir ki, bir neçə il əvvəl ailə həyatı qurub. Ancaq bu günə kimi qayınanası onun gətirdiyi cehizi bəyənmir: “Toydan bir-iki gün sonra anama zəng edib: ”Hanı gəlinin çömçəsi?!" -deyə səsini yüksəltmişdi. Anam da demişdi: “Siz alan ayaqqabının içindədir”. Hələ də qaşıq-çömçə davası bitməyib".

Onlayn cehiz sifarişi və xərclər

Bu yaxınlarda Xaçmazda üzücü bir hadisə baş vermişdi. Belə ki, gəlin köçməyə hazırlaşan qızın cehizləri evlə birlikdə külə dönüb. Ev sahibəsi deyir ki, qızına aldığı cehizin hamısı yanıb: “Qızımın evdə 8 min manatdan çox dəyəri olan cehizi var idi. Yorğan-döşək, mətbəx əşyaları, bəzi mebelləri...bu günlərdə toyu olacaqdı. Ona aldığımız mebellərin çoxunu kreditə götürmüşdük. İndi əlacsız qalmışıq. Onsuz da qızın toyunu cehizə görə iki il təxirə salmışdıq. Hamısı yandı”.
Maraqlıdır, bəs müasir gəlinlərin cehizləri nədən ibarətdir? Əlbəttə, keçmiş illərdən fərqli olaraq, adət-ənənələrə xeyli «düzəlişlər» edilib. İndi qızların əksəriyyəti ali təhsil almış, sosial-iqtisadi və mənəvi tələblər dəyişmiş və yeniləşmişdir. Elə cehiz almaq metodu da modernləşib. Belə ki, indi xanımlar zövqlərinə uyğun istədikləri məhsulları dükan və bazarlara getmədən cehiz saytları vasitəsilə sifariş verə bilərlər. Beləcə, bir gün ərzində bütün cehizi toplamaq mümkündür. Cehizi təşkil edən şirkətlərdə xüsusi tələb qoyulmur və onun böyüklüyü (həcmi) və keyfiyyəti ailənin maddi durumundan asılıdır. Bu saytlarda dünyaca məşhur markaların mətbəx əşyaları və məişət cihazlarına da rast gəlmək mümkündür. Sifarişə gəlincə, saytda qeydiyyatdan keçib, məhsulların adını yazırsan. Sonra şirkət əməkdaşları müştəri ilə əlaqə saxlayıb, sifariş etdikləri əşyaları dediyi ünvana çatdırır. Gəlinlərin indiki cehizləri əsasən soyuducu, paltaryuyan maşın, tozsoran, televizor, audio-video cihazlar, qiymətli qab-qacaq dəstləri, büllur qablar, müasir mebel dəstləri, çil-çıraq, yorğan-döşək, xalçalar, yataq dəsti, pianino, oğlan adamları üçün qiymətli hədiyyələr və s.-dən ibarət olur. Bu siyahıda daha başqa əşyalar da ola bilər. Hətta cehiz kimi maşın, ev verənlər də var. Cehiz əşyaları satan şirkətlərdən birinin əməkdaşı bildirdi ki, indi qız evi  layiqli cehiz almaq üçün minimum  6-7 min manatından, daha bahalı cehiz almaq üçün isə 15 - 20 min manatından keçməlidir. Doğrudan da, cehiz əşyalarının qiymətini hesabladıqda təxmini bu rəqəmlər alınır. Hələ imkanlı şəxslər üçün bu rəqəmlər heç nədir.

İslamda israfçılıq yolverilməzdir

Müqəddəs Quranda da  israfçılığın yolverilməzliyi dönə-dönə qeyd olunur. Elə bunu Hacı Ələkbər dayı da təsdiqləyir: “Çörəyin, ərzağın yersiz olaraq israf edilməsi günahdır. O ki, qaldı bahalı cehizə. Mən deyərdim ki, gəlin gətirdiyi cehizlə qiymətli olmaz. Gəlin ən əvvəl, öz ağlına, savadına, təvazökarlığına, ədəb-ərkanına, gəldiyi evdə mehribanlıq iqlimi yaratmasına güvənməlidir. Valideyn öz övladını ər evinə qiymətli əşyalarla deyil, onu verdiyi gözəl tərbiyə ilə, yüksək əxlaqla yola salmalıdır. Səmimiyyət, qarşılıqlı hörmət olarsa, onda ailə də xoşbəxt və möhkəm olar”. Onu da deyək ki, müsəlman ölkələrinin əkasəriyyətində qıza dəbdəbəli cehiz vermək dəb halındadır. Ancaq bu ənənə Avropa ölkələrinə yaddır. Hətta Hollandiyada əgər gəlinin atası oğlanı bəyənmirsə, gəlinə cehiz verilmir. Gəlinin ən yaxın dostu ona lazım olan əşyaları məcburən almalıdır.
Atalarımız yaxşı deyib:  “Qız yükü, duz yüküdür”. Çəkib qurtarmaq olmur. Yazıq qız, doğulursan bir peşmanlıq, ərə gedirsən başqa bir peşmanlıq. Hələ heç bilmirsən ki, seçdiyin oğlan səni xoşbəxt edəcək, ya yox?! Düşmüsən cehiz dərdinə. Amma unutmayaq ki, verilən cehiz, bahalı avadanlıq ailənin güclü təməli deyil. Əsas odur ki, ailə sağlam, möhkəm və xoşbəxt olsun. Əsas cehiz - sevgi, hörmət, güvəndir.

Günay MUSAYEVA, Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR