Qadınlar bayramında kişiləri depressiyadan necə çıxarmalı?

MARAQLI
12:25 07.03.2011
2813

Hətta belə bir şeir də əzbərləyirdik: “8 martdır, anacan, gəl öpüm üz-gözündən”. Universitet illərində isə alayı mənzərə ilə qarşılaşdıq, sən demə, orta məktəb dərsilikləri bizi aldadırmış, 8 mart ana olub-olmamasından aslı olmayaraq, ucdantutma bütün qadınların, hətta fahişələrin də bayramı imiş. Bax, bundan sonra işin rəngi dəyişdi və 8 mart qadınların bayramına, kişilərin faciəsinə çevrildi. Mənim anlamımda 8 mart beynəlxalq qanıqaraçılıq günüdür. Baxmayaraq ki bu günü dərsliklər “Analar günü” kimi bizə sırıyıb, ancaq fikir vermişəm, bu gün, demək olar ki, yada düşməyən və hədiyyə həsrəti çəkməyən məhz bizim analardır. Kişilərin çoxu “8 mart” gələndə gəzdiyi, üç öpüb bir dişlədiyi, kafe-restoranda avaralandığı subay zənənləri fikirləşir. Əgər bu bayramda hədiyyə yolu gözləyirsənsə, çalış ərə getmə, uşaq doğma, cəmiyyətdə özün haqqında “Araz aşığındandır, Kür topuğundan” rəyi yarat və məsələn, “Facebook”da lirik “mən”ini sərgilə. Gör, nə qədər hədiyyə verən tapılacaq, evli kişilər belə, ən azı, bir ədəd “Mərdəkan broyler” toyuğunun pulundan keçib sənə bir hədiyyə ərmağan edəcək. 9 mart günü isə unudulmağa hazırlaş, çünki 8 mart daha çox birgünlük qadınların bayramıdır, ilin qalan 364 gününü yenə bütün kişilər evdəki arvadlarıyla süpürləşəcəklər. 

“Qadınlar günü”nə bir-iki gün qalmış evdə hədiyyəpulu haqqında fikirləşə-fikirləşə var-gəl edir və oxuduğum kitablardan qadınlar haqqında xoşuma gələn fikirləri qeyd etdiyim kitabçanı vərəqləyirdim. Məqsədim bu idi ki, ilin 364 günü ömrümü-günümü çürüdən zərif cinsin nümayəndəsinə hədiyyə ilə bərabər, beş-altı kəlmə də lirik-fəlsəfi cümlə əzbərləyim və məqamı çatanda döşəyim qabırğasına. Deyilənə görə, lazım gələndə, qadın qulağıyla sevir. İndi bu qeydləri kişi oxucularımla da paylaşmaq istəyirəm ki, 8 mart “qırğınında” aranı sakitləşdirməkdən ötrü istifadə edə bilsinlər.

Kitabçada ilk qeydim Məhəmməd Peyğəmbərdəndir: “Üç şey məni sevindirir, qadınlar, gözəl qoxu və gözlərimi işıqlandıran namaz”. Fikir verin, Peyğəmbərimiz də “qadın” yox, “qadınlar” deyib. Mən bu mənada Peyğəmbərimizin tərəfindəyəm, doğrudan da, bir qadınla nə qədər “çevir tatı, vur tatı” həyatı yaşamaq olar. Özünü kişi hesab edən şəxs, ən azı, peyğəmbərimiz kimi 22 arvada yiyələnməlidir. Ancaq bu, indiki zamanda, sadəcə, mümkün deyil. O dövrdə “8 mart”, “14 fevral” kimi para tələb edən günlər yox idi. Nəinki 22, hətta 122 arvadı da tovlamaq olardı. İndi isə şərtlər ağırdı, 8 mart gələndə hədiyyəpulu tapmağın zülmündən adam az qalır sevgilisinin özünü kiməsə birgünlük hədiyyə eləsin.

İkinci qeydim isə farnsız yazıçısı De Labrüyerdəndir: “Kübar və zəngin qadınlar üçün bağban yalnız bağban, dülgər yalnız dülgərdir. Kasıb qadınlar üçünsə bağban da, dülgər də, sadəcə, kişidirlər”.

Üçüncü qeydim Ezopdandır: “Dünyada üç fəlakət var: yanğın, qadın və dəniz”. Ezopa görə, fəlakətlilik qüdrətinə görə qadın odla suyun arasında yer alır. Ezop qul idi, buna baxmayaraq, arvad tayfası haqqında xeyli müdrik sözlər üyüdüb-tökmüşdür. Məsələn, deyir: “Arvada öz daxili aləmini açıb-ağartama, heç bir sirrini demə. Unutma ki, ailə həyatında arvad heç vaxt silahı yerə qoymayan, daim səni özünə tabe etdirmək istəyən çox qorxulu rəqibdir”.

Bu yerdə gözəl rus şairəsi Mariya Svetayevanın sözlərini xatırlayıram: “Sevgi – birinin alçalması üzərində digərinin yüksəlməsi deməkdir”. Təəssüf ki, ən şiddətli təcavüz məhz sevgidədir.

Nəsə, keçək o biri qeydlərə.
Növbəti qeydim qadınların çənə-boğaz olmağa meyilli olması haqqında olan bir fransız məsəlidir: “Əgər qadın sizdən məsləhət istəyirsə, bu, o demək deyil ki, onun sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, əng olmaq üçün bir adam axtarır”.

Bu barədə digər qeydlərdə ingilis yumoristi Berbard Şounun dedikləri də var. Bernard Şoudan soruşurlar: “Cənab Şou, sizcə, qadın naturasının fərqləndirici cəhəti hansıdır?”. Yumorist cavab verir: “Elə bir qadın yoxdur ki, “görüşənədək” sözünü otuz sözdən az sözlə ifadə edə bilsin”.

Kitabçadakı daha bir qeyd isə dünya kişilərinin evlənmə məqsədi haqqındadır və Çarli Çaplinə məxsusudur. Çaplin deyirdi ki, Fransada kişilər dadlı yeməklər yemək üçün evlənirlər, İngiltərədə kişilik borcunu yerinə yetirmək, Almaniyada isə vətənə layiqli əsgər vermək üçün nikaha girirlər. Yalnız Hollivudda ailə boşanmaq üçün qurulur. Eynən bizdə olduğu kimi. Kənd yerlərində ona görə sevirlər ki, birləşib ailə qursunlar, paytaxtda isə ona görə evlənirlər ki, ayrılıb yenidən sevə bilsinlər. Kənddə sevgi nikaha qədər davam edir, şəhərdə isə nikahdan sonra başlanır.

Elə bilirəm ki, qadınlar haqqında bu qədər qeybət etmək hələlik bəsdir. Əslində qeybət etməkdə kişilər heç də qadınlardan geri qalmırlar. Gör indi kişilər bayramı olsaydı, qadınlar nə qədər "qeydlər"lə bizləri təbrik edərdilər... Yaxşı ki, belə bir gün bizdə yoxdur. Öz aramızda qalsın, qadınların kişilər haqqında ürəklərini boşaltmaq üçün fürsət verməmək yaxşıdır. Çünki onların da deyiləsi sözləri az deyil...

Bu yazıyla, ümumiyyətlə, martın 8-nin nə vaxt gəldiyinin, nə vaxt keçdiyinin fərqində belə olmayan analarımızı təbrik edirəm.

Aqşin Yenisey
Milli.Az

OXŞAR XƏBƏRLƏR