Qadın- Adın!

MARAQLI
00:14 08.03.2016
4162
Sənubər Qənbərova,Qadın- Adın! 
Qadın olmagı seçim olaraq nə qədər qadın seçərdi? Uzaqdan görünən bəzəkli görüntü, hələ körpəlikdə uşaq oyunlarında zərif cins , fiziki güc güzəştləri, əvəzolunmaz ana adı, görüşünə tələləsilən sevgili, sözleri hörmətlə dinlənən ağbirçək... 
Qadın adı tək bunlardanmı ibarətdir? Həqiqətən o bəzək həmişə ən ağır yüklərdən can qurtarmağa kömək olurmu? Səhvlərində və günahlarında nə qədər günahkardır qadın? Bəzən zərifliyindən ağır xətaları hansı güclə edir? Fiziki gücünün yetmədiyi çətinlikləri mənəvi gücüylə nece def edir qadın? Ən böyük düşməni də elə qadın olan qadın?! Bütün problemlərin, münaqişələrin, uğursuz övladların səbəbkarı deyilən qadın. Əslində olan isə...Əslində olanı bu yaşıma qədər gördüyüm bir neçə müxtəlif taleyi yaşayan real qadınların simasında ümumiləşdirsəm... Əslində seçim məqamında övladını ana qayğısından, ana tərbiyəsindən məhrum etməyi bacarmayan, oxuduğunun dəyərini görmək istəmədən, dünyaya gətirdiyinin sağlam və istilikdə böyüməsi üçün arzularının karyerasına göz yuma biləndir. Qadın ailə və övladları üçün rəfiqələrindən, əyləncələrindən, öz maraqlarından asanlıqla vaz keçə bilen Anadır. Övladı pəhrizdə olanda özü də dietik yeyən, onun sağlamlığı üçün canından qurban deyən möhtəşəm və təkrarolunmaz, fədakarlığı müqayisəolunmaz yaradılışdır. 
Qadın sevdiyini səhvlərdən yayındırıb dəyişdirməkçün gücü tükənincəyə qədər yoruldum deməyəndir. Qadın yeri gələrsə, birgə addımladığı həyat yoldaşından yoldakı övlad problemləri kimi bütün ümumi maneələri onu üzməsin deyə zərif ürəyində bacardıqca gizlədən, çiyinlərinə ağır gələn məsələləri təkbaşına həll edən gücdür...Qadın ağlamaqdan şişən gözlərini, fikirlərdən çökən simasını, xəstəlikdən ağrıyan canını gizlətməkçün süni təbəssümlə möhtəşəmliklə oynaya bilən, saçlarını daramaga qüvvəti olmadığı halda belə makiyaj etməyi bacaran aktrisadır. 
Əslində qadın ana olmağı bacarmayanda birinci günahlandırılan, xəstə adlandırılan, qüsurlu övladına görə atılan, əziləndir. Bunu əldə etməkçün qüruruna heç vaxt siğışdırmadığı yalvarışlarla qarşı tərəfi alternativ üsullar üçün yola gətirən də qadındır. Qadın oğul anasının pis vərdişləri olan oğlunu düz yola gətirmək üçün universitet auditoriyasından bəlkə də ən parlaq gələcəkli mütəxəssisi söndürərək seçdiyi gəlini, yox yox ovu, bundan özünün xeberi olanda isə etraf ne deyer, valideynlerim nece dozer, uşaqlarım necə böyüyər düşünərək çarəsiz qalan, əzilən, döyülən gənc yaşda körpələri ilə islaholunmaz ərin özünə seçdiyi qismət sayəsində dul qalan qurbandır. Bununla da el qınağından qorxub həyatda sevib sevilmək şansından məhrum olan varlıqdır. Qadın şəhid olan ərinin əlinin istisi əlində soyumadan onun yadigarını, bətnində daşıdığı üçüncü qızını bir an tərəddüd etmədən hər şeyə rəğmən göz yaşlarına və tənhalığa qalib gəlib dünyaya gətirəcək qədər güclüdür. Qadın Vətəni öz cavan canından çox sevməyi bacaran oğul böyüdən ona toy etmək zamanında canından ayrılan canının şəhid olduğu xəbərini darmadağın ürəyinə və ruhuna rəğmən fəxrlə qəbul edən elə o şəhidin özü qədər qəhrəmandır. Qadın sənin adın ən zərif və ən güclünü beş hərfə sığdırandır. Kişilərin həyatından qadınları çıxanda isə nənə, ana, bacı, qızı və sevdiyi kimi möhtəşəm zəriflikdən məhrum boşluqdur. Gülüşünün arxasında kiçik xoş söz, övladının uğuru, saglamlığı kimi sevincler dayanan qadın. 
Bir tərs baxışla, incidən kəlməylə yuxusu ərşə çəkilə bilən qadın. Bütün yaşlarında qorunmağa ehtiyac duyan qadın. 
Qəlbindəki sevgi ve şəfqəti heç bir canlıyla müqayisə olunmayan qadın. Yaradılışın möcüzəsi, güclü qadın, sənin adın ən zərif adına görə daşıdığın məsulıiyyət isə ən çətin...
OXŞAR XƏBƏRLƏR