"“Qadın cinayətləri siyasidir” ifadəsinin özü siyasi layihədir"- Elşad Hacıyev "Onun 10 cavabı"nda

SOSİAL
15:00 03.11.2021
2775
AZXEBER.COM-un "Onun 10 cavabı” rubrikasının növbəti qonağı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevdir.

O, müxtəlif media qurumlarında çalışan 10 jurnalistin suallarını cavablandırıb.
 

Həmin müsahibəni təqdim edirik:
 
- Bəzi vətəndaşlar olur ki, maskaya görə cərimə olunduqlarını, amma cərimənin qüvvəyə minmədiyini deyirlər. Belə olduğu halda cərimənin ödənməsi gecikir və onlar üçün problemə səbəb olur. Bu məsələyə aydınlıq gətirmənizi istəyərdik...

- Cərimə olunubsa deməli həmin şəxs tibbi maskadan istifadə etməyib və barəsində inzibati protokol tərtib olunub, inzibati tənbehi tətbiq olunubsa, bu, dərhal elektron bazaya daxil edilir. Daxil edildikdə artıq sistemdə həmin şəxsin cərimə olunub-olunmaması görünür. Ona görə də, bu məsələ ilə bağlı hansısa bir anlaşılmaz məqam yoxdur. İndiki şəraitdə vətəndaşlarımız, xüsusilə, qapalı məkanlarda mütləq qaydada tibbi maskadan istifadə etməlidir. Nəzərə alsaq ki, bu gün, dünən, ya bir neçə gün əvvəl Bakı metropolitenində aktiv koronavirus xəstəsi aşkarlanıb, demək ki, infeksiya riski var və hansısa vətəndaş məsuliyyətsizlik edərək müalicə təyin olunan ünvanı tərk edərək metropolitenə daxil olmağa cəhd göstərib. Yəni vəziyyətin nə qədər ağır, ciddi olduğunu bu halla təsnifatlaşdıra bilərik ki, vətəndaşlarımız, xüsusən, qapalı məkanlarda tibbi maskadan istifadə etməlidirlər. Çünki təhlükə var, infeksiya riski var, hansısa koronavirus xəstəsi onu yoluxdura bilər. Bu da onun xəstələnməsinə, sağlamlığının ağır zədələnməsinə gətirib çıxara bilər. Bütün hallarda müəyyən olunan norma və qaydalar ondan ibarətdir ki, qapalı məkanlarda tibbi maskadan istifadə edilmə zəruriyyəti var və bu normaya əməl edilməlidir. Polis tərəfindən xidmətə cəlb olunan qruplar tərəfindən bütün respublika ərazisində bu qaydada nəzarət profilaktika qaydaları həyata keçirilir. Tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Ancaq onun sistemə vurulub-vurulmaması, yəni sistemdə görünmürsə, o deməkdir ki, həmin şəxs barəsində protokol tərtib olunmayıb.

- Son vaxtlar sosial şəbəkələr üzərindən istər onlayn narkotik satışı, istər aldatma yolu ilə bank kartlarından pul çıxarmaq və s. bu kimi xəbərlər alırıq. DİN də bunlara qarşı ciddi mübarizə aparır. Sosial şəbəkələr üzərindən bu prosesləri həyata keçirmək daha asandır. Sizcə polis bu cür dələduzlarla necə mübarizə aparmalıdır ki, daha da effektiv olsun?

- Bununla bağlı vaxtaşırı DİN tərəfindən məlumatlandırmalar həyata keçirilir. Onlayn narkotik vasitələrin dövriyyəsi, eləcə də onlayn qaydada vətəndaşlara qarşı, xüsusilə, bank kartlar sahiblərinə qarşı dələduzluq hallarının artması müşahidə olunur. Bununla bağlı daxil olan bütün müraciətlər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülməklə müvfiq tədbirlərin görülməsi təmin olunur. Xüsusən, onlayn narkotiklə bağlı diqqətə çatdırım ki, burada onlayn narkotik satışından söhbət getmir. Əsasən, xaricdə, müxtəlif narkoticarətlə məşğul olan şəbəkə, şəxslər tərəfindən kimlərisə ələalma, onlara müxtəlif vədlər verməklə aldatma yolu ilə etibarından sui-istifadə etməklə sosial şəbəkə vasitəsilə kimlərisə bu prosesə cəlb etməyə çalışma cəhdləri var və müəyyən qədər də deyə bilərik ki, həmin şəxslər, yəni cinayətkar qruplar uğur qazana biliblər. Aparılan analizlər, təhlillər göstərir ki, Azərbaycanda olan hansısa vətəndaş onların tələsinə düşməklə həmin narkotik vasitənin dövriyyəsində birbaşa iştiraka cəlb olunur və bununla da həmin şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində ona verilən "tapşırıqları” həyata keçirməyə çalışır.
 
Təbii ki, bunun müqabilində hansısa formada həmin şəxsə ödəniş edilir, amma diqqətə çatdırım ki, vətəndaşlarımız bu məsələdə diqqətli və məsuliyyətli olmalıdır. Hansısa narkotiklə əlaqəli şəxslərin toruna düşməmək üçün aldadıcı vədlərə inanmasınlar. Bu barədə onlara hansısa təklif, fikir, dəvət gələrsə, müvafiq qaydada vətəndaşlıq nümunəsi göstərməklə dövləti, dövlət qurumlarını hüquq-mühafizə orqanlarını, polisi məlumatlandırmalıdırlar. Bu, həmin vətəndaşın artıq şərəf məsələsidir. Çünki narkotik vasitə insanların sağlamlığı, cəmiyyətin gələcəyi üçün ciddi əngəl yaradan, fəlakət yaradan təhlükə mənbələrindən biri hesab olunur. Təkcə Azərbaycanda yox, dünyanın bütün qabaqcıl ölkələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şəxslərin tutulub istintaqa cəlb olunması, onların cəmiyyətdən təcrid olunması qarşımıza qoyulan vacib tələblərdən biridir ki, bu prosesin polis tərəfindən yüksək effektiv formada icrası diqqətdə saxlanılır. Ancaq bunun daha genişmiqyaslı olması üçün vətəndaşlarımız polisə dəstək verməlidir. Biz demirik ki, hansısa narkotiklə əlaqəli şəxsin tutulmasında, istintaqa cəlb olunmasında gəlin bizə kömək edin. Ümumən, maariflənmə, təbliğat işində əyani və praktik dəstək verə bilərlər. Valideynlər mənim övladım bu addımı atmaz, bunu qəbul etməz deyib arxayınlaşmamalıdır. Buna görə də, cəmiyyətdə cəm halında hər birimiz səylərimizi birləşdirməliyik. Bu tədbirlərin effektiv icrasına ciddi əməl etməliyik.

Xüsusən, bəzi rəqəmlər sadalayacam. Cari ildə 2 ton 789 kiloqram narkotik vasitə qanunsuz dövriyyən çıxarılıb. Bunun içərisində heroin 1 ton 315 kiloqram təşkil edib. Tiryək 169 kiloqram, həşiş 7 kiloqram və digər narkotik tərkibli maddələr olub. Eləcə də 231 kiloqram psixatrop tərkibli metanfetamin, el arasında "patı” və s. kimi adlar qoyulub. Bunların hər biri ilə bağlı ciddi iş aparılıb. Xüsusən, bir başqa rəqəm deyim ki, 52 ton 245 kiloqram xüsusi kultivasiya yolu ilə əkilən çətənə kolu aşkar olunaraq məhv edilib və qanunsuz dövriyyədən çıxarılıb. Bu işin daxili işlər orqanları tərəfindən hansı effektiv formada icra olunmasının digər məqamına diqqət çəkmək istəyirəm ki, Daxili İşlər Nazirliyinin ixtisaslaşmış Narkotiklə Baş Mübarizə İdarəsi tərəfindən isə bu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli həyata keçirilən tədbirlər çərçivəsində 1 ton 312 kiloqram narkotik vasitə, bunun 834 kiloqramı heroin, tiryək 131 kiloqram, həşiş 3.5 kiloqram, eləcə də 140 kiloqramdan çox psixatrop maddə, 30 tondan çox isə çətənə aşkar olunaraq dövriyyədən çıxarılıb.
 
Bunu daha detallı olaraq vurğulamaq istəyirəm ki, yəni bu ilin 9 ayında 4296 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şəxslər tutularaq istintaqa cəlb olunub. Onların hər biri barəsində uyğun olaraq qətimkan tədbirləri seçilib. Həbs, ev dustaqlığı, polisin nəzarəti altına vermə və digər qətimkan tədbirləri seçilib ki, burada da mahiyyətinə baxsaq, təhlil etsək, aydın olur ki, heç bir narkotik vasitələrlə əlaqəli olan şəxs cinayət məsuliyyətindən kənarda qalmır. Bu rəqəmin böyük olması diqqət çəkə bilər. Burada vətəndaşlar tərəfindən müəyyən suallar ünvanlanır ki, bu rəqəmlərin içərisindəkilər istifadəçidirmi. Xeyr, istifadəçi deyil, istifadəçilərlə bağlı ayrı cinayət qanunvericiliyində norma var. Onların müayinəyə göndərilməsi, reabilitasiyası işi də davam edir.
 
Bunların böyük əksəriyyəti, 3000 nəfərdən artığı yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olan şəxslərdir. Narkotik vasitələrlə bağlı onu istifadə edən, satışı ilə məşğul olan şəxslər bilsinlər ki, polis tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə proseslər davam etdirilir.
 
Bu kampaniya xarakteri daşımır. Hər bir şəxs bilsin ki, bu cür cinayət əməlinə yol verən şəxslər tutulub istintaqa cəlb olunacaqlar. Geci-tezi var, amma bilsinlər ki, onlar tutulacaqlar, heç bir halda cinayət məsuliyyətindən kənarda qalmayacaqlar. Bu, həm də bir vətəndaşlıq məsuliyytidir. Bu gün narkotik vasitəni satan hansısa bir övladımızı, hansısa ailəni zəhərləyən şəxslər bilsinlər ki, bu əməl cəmiyyət, dövlət, xalq üçün çox ağır və faciə ilə nəticələnən bir haldır. Ona görə də, bunun qarşısının alınması üçün cəmiyyət küll halında mübarizəyə dəstək verməlidir. Sevindirici haldır ki, son vaxtlar aparılan genişmiqyaslı tədbirlər çərçivəsində ayrı-ayrı vətəndaşlardan, ictimai təşkilatlardan daxili işlər orqanlarına təşəkkür məktubları daxil olur. Eləcə də sosial şəbəkə istifadəçiləri tərəfindən minnətdarlıq dolu fikirlər, statuslar paylaşılır. Bu, müsbətə doğru dəyişən tendensiyadır ki, artıq vətəndaş tərəfindən narkotik vasitələrlə əlaqəli olan məsələyə etiraz var. Bu etirazın dalğasını genişləndirmək üçün bizim hər birimizin üzərinə düşən hansı vəzifə varsa, o vəzifəni biz həyata keçirməliyik.

Qaldı ki, sualın digər hissəsinə, onlayn yolla dələduzluq əməli, bank kartlarına müdaxilə halları çoxalmaqdadır. Daxili işlər orqanlarına bununla bağlı çoxsaylı müraciətlər daxil olur. Ayrı-ayrı kart sahiblərindən, ictimai təşkilatlardan, dövlət qurumlarından, eləcə də banklardan müraciətlər daxil olur ki, hər bir müraciət də diqqətlə araşdırılır. Xüsusən, hansısa formada vətəndaşın bank kartına müdaxilə edilməsi, vətəndaşın ehtiyyatsızlığından irəli gələn haldır. Bütün analiz və təhlillər göstərir ki, bank kart sahibləri tanımadıqları nömrədən zənglərə, səsli mesajlara cavab verilməsin. "Whatsapp” üzərindən hansı fake ünvandan yazaraq məlumat istəyirlər. Bunun hansısa yoxlama üçün olduğunu, bankla bağlı təhlükəsizlik tədbirləri görülməsi adı altında və s. müxtəlif formada müraciətlər var. Çox təəssüf ki, həmin qruplar tərəfindən buna da nail olanlar olub. Ona görə də bu cür halların olmaması üçün vətədaşlar diqqətli və məsuliyyətli olmalıdır. Tanımadığı şəxslərə öz məlumatlarını verməməlidir. Eləcə də sosial şəbəkələrdə xeyriyyə aksiyaları adı altında hansısa yığımla üçün paylaşılan kartların da bütün məlumatları paylaşılmamalıdır. Məlumatları qarşı tərəfə ötürən bank kart sahibləri var ki, həmin kartlardan külli miqdarda vəsaitlər digər şəxslər tərəfindən ələ keçirilir. Bununla bağlı Daxili İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Əgər o, Azərbaycan ərazisindədirsə, biz onu aşkar edib saxlaya bilirik. Ancaq bu digər ölkədədirsə, onun saxlanılmasında problemlər var. Yəni vaxt aparır, digər ölkələrlə yazışmalar edilməlidir, istintaq materialları, digər sübutlar toplanılmalıdır ki, həmin şəxs barəsində beynəlxalq axtarış elan edilsin. Bu da vaxt aparan məsələdir. Vətəndaşlarımız birmənalı şəkildə öz bank kart məlumatlarını digər şəxslərə ötürməsinlər. Hansısa sosial şəbəkədə, internet informasiya portalında, xüsusilə satış həyata keçirilən portallar var ki, orada hansısa vətəndaş özünə aid olan məhsulu satışa çıxarır və qarşı tərəfdən kimsə ona zəng vurub beh qoymaq istədiyini bildirir. Bunun üçün də kart məlumatlarını istəyir. Onlarla, yüzlərlə belə vətəndaş beh adı altında kart məlumatlarını verib və onun kartından xeyli miqdarda vəsaitlər mənimsənilib.
 
Bütün bu məsələlərin hər birində əsas məsələ vətəndaşların diqqətli olmasıdır. Dövrün çağırış və təhdidlərinə uyğun olaraq vətəndaşlar diqqətli və məsuliyyətli olmalıdırlar. Burada dövlət qurumlarının və ya bankların məsuliyyəti yoxdur. Çünki bu vəsait vətəndaşın özünə aid olduğu üçün həm də onun qorunması ilk növbədə onun özünə aiddir. O, öz vəsaitini qorumağı bacarmalıdır. Tanımadığı şəxslərə məlumatları ötürməməlidir. Bununla bağlı tövsiyyə edirik ki, vətəndaşlar sosial şəbəkələrdə, elanlarda, ev alqı-satqısında diqqətli olsunlar.

- Müharibə dövründə polislə vətəndaşlar arasında qarşılıqlı xoş münasibətlər, səmimiyyət yaranmışdı. Amma nədənsə biz bunu digər günlərdə görmürük. Bunu nə ilə əlaqələndirmək düzgün olar? Sizcə cəmiyyətdə polisə aqressiya varmı?

- Azərbaycan Daxili İşlər Orqanlarında, onun sıralarında olan hər bir əməkdaş Azərbaycan Respublikasının vətəndaşıdır. Heç biri digər ölkənin vətəndaşı deyil və Vətən müharibəsi ilə indinin müqayisəsində polis-vətəndaş arasında ziddiyyətin olunması fikri absurddur. Baxaq və araşdıraq. Kim polisdən narazıdır? Təsadüfən deyilmir ki, polis ziddiyət və maraqların kəsişdiyi ünvandır. Birmənalı şəkildə polisin münasibəti vətəndaşın davranışına görədir. Təbii ki, avtoxuliqanlıq edən, qanunsuz əmələ meyilli şəxs polis haqqında müsbət fikirdə olmayacaq. Sosial şəbəkələrdə də bu münasibətini yazacaq və bu, gözləniləndir. Ona görə polis-vətəndaş münasibətləri Azərbaycanda kifayət qədər ciddidir, bunun dərinləşməsi istiqamətində Daxili İşlər Orqanları, eləcə də vətəndaş cəmiyyətləri ilə iş aparılır. Bu, profilaktik əhəmiyyət daşıyır. Bu gün artıq baş verən cinayətlərin xeyli hissəsini - 70%-dən çoxu vətəndaşların iştirakı ilə açılırsa, vətəndaş burada hüquq-mühafizə orqanlarına, polisə dəstək verirsə, bu, artıq onu deməyə əsas verir ki, vətəndaş-polis münasibətləri möhkəmdir.
 
Dünyanın heç bir ölkəsində polislərə qarşı münasibət birmənalı deyil. Biz vətəndaşlara müraciət edirik ki, narazı olduqları halla bağlı müvafiq qaydada məhkəməyə müraciət etsin. Daxili İşlər Nazirliyinə edilən müraciətdə narazı qalınan məqam aydınlaşdırılır. Daxili İşlər Nazirliyində bu işin aparılması ilə bağlı rəhbər tələb var. Heç bir vətəndaş qanunsuz olaraq inzibati məsuliyyətə cəlb oluna bilməz. Yaxud cinayət məsuliyyətinə cəlb oluna bilməz. Çünki burada tək Daxili İşlər Nazirliyi yox, burada prokuror nəzarəti var, məhkəmə nəzarəti var. Ona görə bütün bu sadalananlar hər biri bir-birinə nəzarət edir. Vətəndaş məruz qaldığı hüquqa zidd əməllə bağlı cinayət məsuliyyətinə qanunsuz olaraq cəlb edilirsə, burada bu işə prokuror baxır, məhkəmə baxır. Bəzən deyilir ki, polis mənim müraciətimə baxmadı. Görünür ki, həmin müraciət polisin səlahiyyətinə aid deyil.
 
Polis orqanlarından vətəndaşı narazı salan hər bir əməkdaş hesab edirsiniz ki, orqanda qala bilir? Xeyr. O, cəzalandırlır. Daxili İşlər Orqanlarından xaric olunur. Heç bir polis əməkdaşı bunda maraqlı deyil. Polis-vətəndaş münasibətində hər iki tərəfin münasibətini araşdırmaq lazımdır.

- Azərbaycanda jurnalistləri ən çox narahat edən məsələ küçə sorğuları zamanı DİN-dən icazə almaq məsələsidir. Sorğu zamanı DİN əməkdaşları jurnalistə yaxınlaşıb icazəsinin olub-olmadığını soruşur. Jurnalistlər bunu mediaya təzyiq kimi qiymətləndirir. Həmkarlarımızın araşdırması nəticəsində aydın olub ki, bu məsələdə hər hansı icazəyə ehtiyac yoxdur. Sizin bu məsələyə aydınlıq gətirmənizi istəyərdik...

- Qanunvericilikdə hansısa ünvanda çəkilişlərin aparılması, sorğuların aparılması ilə bağlı istisna var. Ancaq ictimai yerlərdə hansısa bir istisna yoxdur. Polis heç bir halda çəkiliş aparan şəxsin fəaliyyətini məhdudlaşdırmaq üçün tapşırıq almayıbsa, onun fəaliyyətini məhdudlaşdıra bilməz. Qanunverilicikdə də bununla bağlı hansısa bir xüsus yoxdur, amma istisnalar var. Qaldı ki, sorğuların keçirilməsi, tədbirlərin keçirilməsilə bağlı məsələyə, burada da heç bir məhdudiyyət yoxdur. Vətəndaşlara, jurnalistlərə tövsiyə edirik ki, bu sualla bağlı əgər onlara məhdudiyyət yaradılarsa, çəkilişlə bağlı dərhal Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsini məlumatlandırsınlar. Çünki gün ərzində daxil olan bütün filmlərin çəkilməsi, kliplərin çəkilməsi, sosial çarxların çəkilməsi halı ilə bağlı bizə məlumat verilir. Elə yerlər var ki, günün müəyyən pik saatlarında həmin yerlərdə çəkiliş aparıla bilməz. Niyə? Çünki ölkənin, dövlətin müəyyən məsələlərdə təhlükəsilə əlaqələnə bilər. Bəzən də olur ki, həmin gün ərzində çəkilişin saatının dəyişilməsini bildiririk. Bütün bu nüansları jurnalistlərin diqqətinə çatdırıram ki, nəzərə alsınlar.

- Növbəti sual saxta COVİD pasportları ilə bağlıdır. DİN-in yaydığı məlumatlarda da xeyli sayda insanın saxta pasport əldə etdiyi məlum olub. Bəs buna nəzarət mexanizmi necə həyata keçirilir? Hətta bəzi fikirlər yayılmışdı ki, bunu yoxlamaq üçün xüsusi cihazlardan istifadə ediləcək. Bu məsələ haqqında fikirlərinizi almaq istəyərdik. Siz həmçinin demisiz ki, saxta vaksin alanlar da cəzalanacaq. Bunu necə edəcəksiniz?

- Bununla bağlı vaksinasiya prosesi başlayandan bəri saxta COVİD pasport satan və alanlarla bağlı vaxtaşırı məlumatlandırılmalar həyata keçirilir. Aşkarlanan nöqsanlar, neqativ hallarla bağlı cinayət işləri başlayıb və xeyli sayda şəxslər saxta COVİD pasportunu satmağa cəhd ediblər. Onlar da aşkarlanaraq istintaqa cəlb olunublar. Hazırda bir neçə istiqamətdə istintaq hərəkətləri davam etdirilir. Bu məlumatlandırmanı həyata keçirərkən bildirdik ki, bunu satanlarla yanaşı, alanların da məsuliyyəti var və bu da cinayət məsuliyyəti yaradır. Çünki bu, dövlət sənədidir. Xüsusi karantin rejimi dövründə müəyyən olunub ki, vaksinasiyadan keçmiş şəxslər müvafiq COVİD pasportu ilə təmin olunurlar. Bu pasportları satmağın qarşısını almaq təkcə polisin işi olmamalıdır. Çünki infeksiya şəraitidir. Bu xəstəlik insanları öldürür. Necə edək ki, cəmiyyətdə birgəyaşayış formalaşsın? Dövlət üzərinə düşəni edir, bəs vətəndaş? Vətənin vətəndaşı olmaq həm də siyasi hüquq yaradır. Bizim vətəndaşlar kifayət qədər intizamlıdır. Konkret faktlar da demək olar. Vətəndaşlar metropolitendə siqaret, tütün məmulatı istifadə etmir, amma yerin üstündə zibili küçəyə atır, bu da həmin vətəndaşdır. Deməli mümkündür. Vətəndaşı ittiham etmək olmaz, vətəndaş bilməldir ki, ictimai nəqliyyatda tibbi maskadan istifadə edilməlidir, bunun üçün maariflənməlidir.

- Pandemiya dövründə ən ağır vəzifələrdən biri də məhz DİN üzərinə düşdü. Demək olar ki, hər gün jurnalistlər hansısa məsələ ilə bağlı nazirliyin sözcüsü olaraq sizə müraciət ünvanlayır. Jurnlistlərlə işləmək sizi bezdirirmi? Ən qəribə müraciətlərdən yadınızda qalanlar hansılardır?

- Jurnalistlərlə işləmək məni bezdirmir. Heç vaxt da bezdirə bilməz. Dəfələrlə cavab verdiyimiz sualı təkrar soruşurlar, bezmirik. Bu da jurnalistin işidir, məsuliyyətidir. Hansısa jurnalistin sualına etinasız yanaşmaq anlayışı yoxdur. Onun sualından qaçmaq kimi niyyətimiz heç vaxt olmayıb. Bundan sonra da olmayacaq. Çünki o jurnalist bizim verdiyimiz informasiya əsasında material hazırlayır. Material yayımlandıqdan sonra jurnalist bir kənarda qalır, məsuliyyət məlumatı verənin üzərində qalır. Əsassız məlumat olduqda üzərimizə məsuliyyət yönələcək. Ona görə də, bir tövsiyəmiz var ki, məlumatı yaymazdan əvvəl dəqiqləşdirmə aparsınlar. Hansısa jurnalisti fərqləndirmək fikrindən uzağam. Hansı jurnalist hansı sualı verib, çox maraqlı olanları özüm üçün qeyd etmişəm, lap gələcəkdə ola bilər ki, bu barədə danışam.

- Elşad müəllim, qadın cinayətləri ilə bağlı bir sualımız var. Bəzi feministlər iddia edir ki, polis tərəfindən bu məsələlərə dırnağarası yanaşılır, guya bu tip cinayətlərin araşdırılmasına ciddi yanaşılmır. Bu məsələ haqqında nə düşünürsünüz? Hətta deyirlər ki, qadın cinayətləri siyasidir.

- "Qadın cinayətləri siyasidir” ifadəsinin özü siyasi layihədir. Bu, hansısa konvensiyanın tələbləridir. Azərbaycanda qadın hüquqlarının, gender bərabərliyinin qorunması və təmin olunması ilə bağlı müxtəlif dövlət proqramları var. O proqramların həyata keçirilməsində Daxili İşlər Orqanlarının da vəzifələri müəyyən olunub. Hansısa vətəndaşa cinsi vəziyyətinə görə ayrı-seçkilik qoyulmur və qoyula bilməz. DİN-ə daxil olan məlumatlar araşdırılır, əvvəllər hansısa etinasız yanaşmalaq olduqda belə bu da aradan qaldırılır. Ayrı-ayrı şəxslər tərəfindən müracitələrə baxılmaması iddiasını əsassız hesab edirəm demirəm, desəm ki, əsassızdır, kimsə hansısa nüansı qabarda bilər. Ona görə də, biz çalışırıq ki, bütün sorğulara, müraciətlərə diqqətli yanaşaq. Xüsusilə, qadınlarla, ailə-məişət zorakılığı ilə bağlı xüsusi qəti qərar var ki, bütün müracitələrə həssalıqla yanaşılsın.

- Bildiyimiz kimi, pandemiya səbəbində toylarda iştirakla bağlı bəzi məhdudiyyətlər tətbiq olunub. Amma vətəndaşlar iddia edir ki, çox vaxt toylara nəzarətdə bəzi qadağalara göz yumulur, məsələn təyin olunmuş saydan daha çox şəxsin iştirakı baş tutur. Ümumiyyətlə, toylara nəzarətdə hər hansı çətinliklər varmı?

- Toy mərasiminin harada keçirilməsindən asılı olmayaraq 1 nəfərdən 150 nəfərədək şəxsin iştirakı ilə təşkili barədə hər hansı məhdudiyyətlər yoxdur. Məhdudiyyət yalnız həmin məkanda iştirak edən şəxslərin müvafiq qaydada COVİD pasportu olmasıdır. Pasportu olmayan şəxs toy mərasimlərində iştirak edə bilməz. Əvvəl toy mərasimlərinə icazə verildikdə yoluxma kəskin şəkildə artmağa başladı. İndiki vəziyyətdə statistikada toy mərasimləri ilə bağlı artım indeksi yoxdur. Bu qərarlar ona görə verilir ki, vəziyyət təhlil olunur, aşkara çıxarılır ki, bu tənzimlənmə necə həyata keçirilsin. Vaksinasiyadan keçməyən şəxslər hansısa bir obyektdə aşkarlanarsa, onun barəsində inzibati və ya digər tədbir görülmür. O şəxs barəsində tədbir görülür ki, o, artıq koronavirus xəstəsidir və haradasa iştirak edir, artıq o, cinayət məsuliyyəti yaradır. Bu tədbirərin hər biri vətəndaşı, cəmiyyəti qorumağa yönəlib. Bu nəzarət həyata keçirilməsə, aktiv koronavirus xəstəsi toyda iştirak edəcək. O bilməlidir ki, yoxlama var və hər birimiz bu qayda və normalara uyğun davranış nümayiş etdirməliyik. Pandemiya bitəcək, bu bəla tək Azərbaycan üçün gödən düşməyib, digər ölkələrdə nə qədər fəsadlara səbəb olub. İndi vəziyyət yaxşıya doğru gedir, vaksinasiya prosesi aparılır. İmmunitetin yaradılması ilə bağl tədbirlər həyata keçirilir.

- Elşad müəllim, DİN-dən əvvəl mətbuatda uzun illər çalışmısınız. Kənardan baxanda Azərbaycan mətbuatı necə görünür?

- Mətbuatda daha çox çətinliyimiz ixtisaslaşma məsələsi ilə bağlıdır. Jurnalistlər tərəfindən mövzu üzrə, təbii ki, hamıya aid deyil, ixtisaslaşmada ciddi problemlər görünür. İqtisadiyyat, hüquq sahəsi ilə bağlı məşğul olanlarda, bəzən hətta bunları bir-birinə qarışdırma halları da olur. Hüquq qanunvericiliyi ilə bağlı problemlər var, bu səbəbdən vətəndaşlara yanlış məlumatlar gedir. Bunların da qarşısını almaq üçün bizim fəaliyyət sahəmizə aiddirsə, həmin jurnalistlə dərhal əlaqə saxlayıb o məlumatən dəqiqləşdirilməsini həyata keçiririk. DİN tərəfindən yayılan bütün məlumatlarda da bu xətt gözlənilir, hətta cümlə quruluşu ilə bağlı xətalara yol verilmir. Şifahi olaraq jurnalistlərin suallarının cavablandırılmasından sonra da yenidən yoxlanılır ki, hansısa səhv, anlaşılmaz bir məqam varsa, onun düzəldilməsi ilə bağlı xahiş edirik. Ümumən, inkişaf təkamül yolu ilə olur, inqilab yolu ilə olmur. Digər təcrübəli ölkələrin təcrübəsi əsas götürülməklə bu gün mətbuatın inkişafı üçün bütün işlər görülür. Bu gün bir tənqid koridoru açılıb ki, bu koridor özü inkişafa vasitəçilik missiyasını həyata keçirir. Bu da bizim işimizi nə qədər ağırlaşdırsa da, problemin həllində bizə dəstək olur.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR