Qadın xəstəxananın sanitar qovşağında uşaq dünyaya gətirib?

Qadın xəstəxananın sanitar qovşağında uşaq dünyaya gətirib?
SOSİAL
12:55 28.02.2025
253
Ötən gün böyrək sancısı ilə Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 34 yaşlı T. Konuxun tibb müəssisəsinin sanitar qovşağında doğuş həyata keçirdiyi, daha sonra isə körpəsini öldürməyə cəhd etdiyi iddia olunur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bizim.media məlumat yayıb.

Bildirilib ki, hadisədən sonra Quba Rayon Mərkəzi Xəstəxanasının tibb personalı körpəyə və anaya təcili tibbi yardım şöbəsində yardım göstəriblər. Ana və oğlan uşağı Quba Regional Perinatal Mərkəzə yerləşdirilib.

Hadisə ilə bağlı "Qafqazinfo” Baş Prokurorluğa sorğu ünvanlayıb. Bildirilib ki, faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Məsələ ilə bağlı Quba RMX-dən sorğumuza cavab olaraq bildirilib ki, hazırda ana və yenidoğulmuşun vəziyyəti nəzarət altında saxlanılır:

"Ötən gün saat 07:20 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə böyrək sancısı şikayətləri ilə hospitalizasiya olunan 1991-ci il təvəllüdlü qadın müayinə edilib. Həmin şöbənin həkimi tərəfindən aparılan ilkin tibbi qiymətləndirmə zamanı pasiyentin hamilə olduğu müəyyən edilib və dərhal ginekoloq konsultasiyası təmin olunub.

Şöbədə aparılan təxirəsalınmaz tibbi müdaxilə nəticəsində doğuş baş verib. Neonatal reanimasiya tədbirləri yerinə yetirildikdən sonra ana və körpəsi Quba Regional Perinatal Mərkəzə təxliyə edilib.

Hamilə qadının vəziyyəti stabil olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir. Yenidoğulmuşun vəziyyəti isə ağır olaraq dəyərləndirildiyindən süni ventilyasiya aparatına qoşulub. Hazırda ana və yeni doğulmuşun vəziyyəti tibb müəssisəsində nəzarət altında saxlanılır”.
OXŞAR XƏBƏRLƏR