"Qadına edilən hər hörmətsizlik, hər təhqir kişiliyin vicdanını sarsıdır" - Hacıbəy Heydərli

"Qadına edilən hər hörmətsizlik, hər təhqir kişiliyin vicdanını sarsıdır" - Hacıbəy Heydərli
SOSİAL
13:14 30.01.2026
459
Hacıbəy Heydərli

Funksionalizm nəzəriyyəsinə görə, ailə cəmiyyətin əsas funksional vahididir. Qadın isə cəmiyyətdə sağlam fərdlərin formalaşmasında əsas qüvvədir.

Azərbaycanın milli-mənəvi dəyərlərinə görə qadın ailənin dayağı, cəmiyyətin ruhudur. Qadın hər şeydən öncə anadır. O ana ki, Məhəmməd Peyğəmbər (s.ə.s) buyurub: "Cənnət anaların ayaqları altındadır.” O ana ki, övladlarını Vətən yolunda qurban verib, yenə də deyib: "Vətən sağ olsun!”.
 
Azərbaycan dəyərlərində ailə müqəddəsdir, qadın müzakirə obyekti deyil. Ana və qadın söyüşü ən ağır cinayətlərin predmetidir. Qadının ləyaqətinə edilən hər bir hörmətsizlik, hər ağır söz kişiliyin vicdanını sarsıdır.
 
Azərbaycan mediasında da qadın və ana mövzusu həmişə qırmızı xətt olub. Çox hallarda milli-mənəvi dəyərlər jurnalistika prinsiplərindən üstün tutulub, çünki bu sahədə çalışan hər bir jurnalistin qadına və anaya hörməti sonsuzdur. Lakin çox təəssüf ki, bu gün sosial media, süni intellekt, dezinformasiya və "feyk-nyus”ların tüğyan etdiyi bir dövrdə bütün dəyərlər ayaqlar altına atılır, çirkinliklər trend olur, söyüş və təhqir "etik prinsip” kimi təqdim edilir. Qadın obrazı isə hədəf və ləkələmə predmetinə çevrilir, alçaldılır və alçaldılmağa davam edir.
 
Son günlər sosial şəbəkələrdə Azərbaycan Prezidentinin ailəsinə edilən sərhədsiz hücumlar isə nə media, nə blogerlik fəaliyyəti, nə də tənqid hesab oluna bilər. Bu birbaşa sosial media terrorudur. Bu hücumlar Azərbaycan Prezidentinə, onun ailəsinə və milli-mənəvi dəyərlərimizə, qadın adına qarşı yönəlmiş məqsədli, əxlaqsız və sərhədsiz hücumlardır. Bütün bunlara susmaq və ya dəstək olmaq isə azərbaycanlılıq şüurundan uzaq addımdır.
 
Dövlətini, Vətənini və xalqını sevən hər bir azərbaycanlı bilməlidir ki, bu hücumlar təsadüfi deyil. Bu, Azərbaycana, onun milli dəyərlərinə, ailə institutuna və qadın imicinə qarşı yönəlmiş soyuq və məqsədli zərbədir. Dəyərləri məhv olan cəmiyyətlər köksüz ağac kimidir - köklərini itirir, ruhunu itirir, yalnız nəfəs alır, amma yaşamır.
 
Dəyərlərini itirən cəmiyyətlərdə insanlıq yox olur, vicdan səssiz qalır, gələcək isə yoxa çıxır. Bizi biz edən dəyərlərimizi qorumaq üçün isə bir olmalıyıq!
OXŞAR XƏBƏRLƏR