Qadınlar niyə plastik əməliyyata meyllidir? - Psixoloq danışdı

Qadınlar niyə plastik əməliyyata meyllidir? - Psixoloq danışdı
SOSİAL
16:58 30.09.2025
328
Qadınların estetikaya marağı son dövrlərdə həm dünyada, həm də Azərbaycanda artmaqdadır. Bu marağın əsas səbəbləri arasında gözəl görünmək, gənclik effektini qorumaq, sosial münasibətlərdə daha inamlı olmaq və psixoloji rahatlıq əldə etmək arzusu dayanır. 

Tanınmış psixoloq Nizami Orucov AZXEBER.COM-a açıqlamasında deyib ki, qadınların estetik əməliyyatlara marağı təkcə xarici görünüşlə əlaqəli deyil, həm də dərin psixoloji və sosial amillərlə bağlıdır:

"Bu ehtiyacın kökündə bir neçə mühüm psixoloji faktor dayanır. Birincisi, özünəinam və özdəyər hissidır. İnsanlar, xüsusilə də qadınlar, cəmiyyətin gözəllik standartlarına uyğun olduqda özlərini daha dəyərli və qəbul olunmuş hiss edirlər. Sosial mediada, reklamlarda və əyləncə dünyasında təbliğ olunan ideal bədən və üz quruluşları bu standartları formalaşdırır. Bir çox qadın bu standartlara yaxınlaşmaq üçün estetik müdaxilələrə müraciət edir. Belə hallarda əməliyyat bir növ "özünü tamamlama”, "daha yaxşı versiya olmaq” kimi qəbul edilir”.

Ekspert bildirib ki, digər səbəb isə ictimai təsir və sosial müqayisə amilidir:

"İnsanlar ətraf mühitdə gördükləri dəyişikliklərə uyğunlaşmağa meyillidirlər. Əgər dostlar, tanışlar və ya ictimai fiqurlar estetik əməliyyatlar etdirirsə, bu, digərlərinə də bir təzyiq və ya motivasiya yaradır. Bu zaman estetik əməliyyat bir ehtiyac deyil, bir növ sosial norma kimi qəbul edilə bilər”.

Psixoloq vurğulayıb ki, psixoloji narahatlıqlar və bədən imici pozuntuları da önəmli rol oynayır:

"Bəzi qadınlar real görünüşlərindən çox fərqli bir bədən və ya üz imicinə sahib olduqlarını düşünə bilərlər. Bu isə "body dysmorphic disorder” (bədən dismorfik pozuntusu) kimi tanınan psixoloji bir hal ola bilər. Belə hallarda estetik əməliyyatlar problemi həll etmək əvəzinə daha da dərinləşdirmə ehtimalı var. Bu kimi vəziyyətlərdə psixoloji dəstək daha önəmli və faydalıdır”. 

Nizami Orucov qeyd edib ki, estetik əməliyyatlara müraciət etmək hər bir insanın şəxsi seçimidir və bu seçim qınanmamalıdır:

"Əsas məsələ, bu qərarın hansı psixoloji ehtiyacdan qaynaqlandığını anlamaqdır. Əgər qərar sağlam bir psixoloji vəziyyətdən çıxırsa və şəxs özünü daha yaxşı hiss edəcəksə, bu zaman estetik müdaxilənin pozitiv təsiri mümkündür. Amma qərar sosial təzyiq, özünə dəyərsizlik hissi və ya psixoloji narahatlıqlardan qaynaqlanırsa, ilk addım psixoloji dəstək olmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR