Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində V tura start verilib.
AZXEBER.COM-un məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
E qrupunun autsayderi "Nordsjaelland" (Danimarka) doğma meydanda "Şaxtyor"u qəbul edib və 2:5 hesabı ilə uduzub. Lider "Çelsi" isə səfərdə "Yuventus"un qonağı olub.Görüş 3:0 hesabı ilə Turin təmsilçisinin xeyrinə başa çatıb.
F qrupunda son Belarus çempionu BATE öz meydanında Fransa "Lill"i ilə qarşılaşıb. Bu görüşdə "Lill" qalib gəlib - 2:0. Qrupun lideri "Valensiya" ikinci pillədə qərarlaşan "Bavariya"nı sınağa çəkib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.
G qrupunda növbəti mərhələyə çıxmaq şanslarını saxlayan "Spartak" (Moskva) klubu doğma azarkeşləri önündə "Barselona" ilə üz-üzə gəlib və 0:3 hesabı ilə uduzub. "Barsa" bu qələbə sayəsində son turun nəticəsindən asılı olmayaraq, 1/8 finala vəsiqəni təmin edib. Qrup ikincisi "Seltik" klubu səfərdə "Benfika"nın qonağı olub və 1:2 hesabı ilə uduzub.
H qrupunda son Türkiyə çempionu "Qalatasaray" klubu öz meydanında "Mançester Yunayted"lə görüşüb. Burak Yılmazın matçın 61-ci dəqiqəsində vurduğu qol "Cim Bom"a qələbə qazandırıb - 1:0.Digər oyunda isə Rumıniya "ÇFR Kluj"u Portuqaliya "Braqa"sı ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda 3:1 hesabı ilə qələbə qazanan "ÇFR Kluj" xalını 7-yə yüksəldib.
Qeyd edək ki, V turun oyunları sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.