Oktyabrın 22-də “Əli və Nino” kitab mağazasında Kulis.az internet dərgisinin baş redaktoru, gənc yazıçı Qan Turalının yeni çapdan çıxmış “Mustafa” romanını təqdimetmə mərasimi olub.Lent.az-ın məlumatına görə, mərasimdə oxucular və ədəbiyyat adamları iştirak edib. “Qanun” nəşrlər evinin baş direktoru, naşir Şahbaz Xuduoğlu tədbir iştirakçılarını salamlayaraq onlara kitaba dəstək verdiklərinə görə təşəkkürünü bildirib. Şahbaz Xuduoğlu deyib ki, son dövrlərdə gənclərin yazdıqları digər kitablardan fərqli olaraq “Mustafa”nı hər kəs evinə apara bilər: “Qan Turalının romanı “Ən yeni ədəbiyyat” seriyasından çıxan kitablarla yarışa girməyi bacaran kitabdır. Roman Bakıda yaşayan bir tələbənin həyatından bəhs edir. Bizim nəşriyyat üçün Qan Turalının imzasının xüsusi yeri var”. Qan Turalı çıxışında bildirib ki, müəllifin öz kitabı haqda danışması asan deyil: ““Mustafa” romanını 25 yaşımda başlayıb, 27 yaşımda bitirmişəm. Mən həyatda, siyasətdə gördüyüm faciələri ədəbiyyata gətirmək istəmişəm. 1990-cı illərdən sonra Azərbaycanda çox böyük kataklizmlər yaşandı. Bayrağımız, gerbimiz, əlifbamız dəyişdi. Mən 70-80-ci illərdə doğulmuş nəslin yeni dövrdəki faciəsini, yaşadığı təbəddülatları “Mustafa”da göstərməyə çalışmışam”. Sonra tənqidçi Əsəd Cahangir çıxış edib. O bildirib ki, “Mustafa” romanı Qan Turalının ikinci nəsr əsəridir: ”Birincisi “Çiyələkli gecənin pornoqrafiyası” əsəri idi. Bu romanda Qan Turalı həm öz yaradıcılığında, həm də Azərbaycan ədəbiyyatında bir yeniliyə imza atıb. “Mustafa” romanında Qan Turalının daxili və ruhi, eyni zamanda dil baxımından təmizlənməsini gördüm. Bu romanı birnəfəsə oxudum”. Tənqidçi deyib ki, “Mustafa”da müəllif ilk dəfə olaraq Qərb və Şərq filosofları ilə dialoqa girir: “Adətən inqilabi ruhda yazılmış əsərlərdə məğlubiyyət etiraf olunmur. Amma etirafın özü də həqiqəti daha yaxından görmək və onunla barışmaq deməkdir. Kitabın titul səhifəsində yazılmış ön söz belə bitir: “Mübarizə mütləq, məğlubiyyət labüddür”. Bu cümlədə həm tezis, həm anti-tezis, həm də romanın bütün ideyası var. Biz məğlub olmuşuq. İlk dəfə olaraq Azərbaycan ədəbiyyatında məhz bu romanla məğlubiyyətimiz etiraf olunur”. Çıxışlardan sonra Qan Turalı kitabın redaktorları Mirmehdi Ağaoğlu və Şərif Ağayara xüsusi təşəkkürünü bildirib.