Qara dəniz sahilində yerləşən Tuapse limanında “Aydın” gəmisi saxlanılıb.
Türkiyənin “Te Trade & Supply Co” şirkətinə məxsus gəminin saxlanılması üçün onun heyəti müraciət edib. Novorossiyskdə nəqliyyat işçilərinin beynəlxalq federasiyasının müfəttişliyinə müraciət edən heyət əmək haqlarının gecikdirilməsi, dəhşətli iş və yaşayış şəraitindən şikayət ediblər.
Rusiya Dənizçiləri Birliyindən verilən məlumata görə, sentyabrın 12-də gəmi Tuapse limanına gedərkən dənizçilərin nə yeməyi, nə də yanacağı olub.
Gəminin özü isə qəzalı vəziyyətdə olub.
11 nəfərdən ibarət heyət üzvündən 7-si Ukrayna, 4-ü isə Azərbaycan vətəndaşıdır.
Məlumata görə, heyət üzvlərinə 2 aydan çoxdur ki, maaş ödənilmir. Beləliklə işçilərə ödənilməli olan məbləğ təxminən 22600 ABŞ dolları təşkil edir.
Novorossiysk müfəttişliyindən bildirilib ki, fərdi müqavilə yalnız heyətin 4 üzvü ilə bağlanıb. Gəmidə sabun, yuyucu toz, yataq örtüyü, xüsusi geyim yoxdur. Həmçinin, kondisionerlər işləmir, məkanda işıq və ventilyasiya yoxdur. Qanun pozuntularına görə müfəttişlər gəmini dərhal saxlayıblar. Bundan sonra “Aydın”a yemək, su və yanacaq verilib. Lazımi köməyi aldıqdan sonra yük dolu gəmi reydə göndərilib.
Artıq Ukrayna vətəndaşları repatriasiya üçün ərizə yazıblar.
Saxlanılmadan sonra dərhal şirkət rəhbərliyi çağırılıb. İlkin olaraq əmək haqlarını ödəməkdən imtina edən rəhbər şəxslər daha sonra razılıq veriblər. Lakin onlar ödəniləcək məbləği azaltmaq üçün uzun müddət danışırlar aparıblar. Belə ki, onlar göstərilən rəqəmlərin şişirdildiyini iddia ediblər.
///AzNews.az