“Qarabağ” futbol klubunun Ağdamın Quzanlı qəsəbəsi stadionundan imtina edib ev oyunlarını Bakıda keçirməsinə olan sərt etiraz getdikcə güclənir.
Mətbuata açıqlamalarında 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı, “Qarabağ”lı Aqil Abbas və 119 saylı Ağdam kənd seçki dairəsinin deputatı Bəxtiyar Sadıqov “Qarabağ” futbol klubunun Ağdamda oynamaqdan imtina etməsini və Suraxanı qəsəbə stadionu ilə müqavilə bağlamasını çox böyük təəssüf və təəccüblə hissi ilə qarşıladığını deyib. Millət vəkilləri həmçinin qeyd edib ki, “Ağdamlılar, gedin yeni komanda yaradın, ‘Qarabağ’ sizin deyil’. “Qarabağ” futbol klubunun direktoru Əmrah Çəlikəl məsələylə bağlı Gun.Az-a danışıb. O millət vəkillərinin bu açıqlamasına hörmət etdiyini deyib: “Mən dəyərli millət vəkillərimizin fikirlərinə hörmət edirəm. Bu onların şəxsi fikridir. Amma biz qərarımızı dəyişməyəcəyik. Bu qərar qarşıdakı illər üçün atılıb. Bizim məqsədimiz böyükdür”. Çəlikəl həmçinin qeyd edib ki, millət vəkilləri “Qarabağ”ı Ağdam klubu hesab etmirlərsə, özləri başqa klub yaratsın: “Əgər onlar “Qarabağ”ı Ağdam klubu hesab etmirlərsə, buyursunlar özləri yeni klub yaratsınlar. Biz Azərbaycanı bölmürük. Əgər onlar belə bir təkliflə çıxış etsələr, biz onları dəstəkləyirik. Ancaq bütün Azərbaycan xalqı bilir ki, “Qarabağ” futbol klubu ölkəmiz üçün nələr edib”.
//gun.az