Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. "Fəlakət – fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan zirvə görüşü Türkiyədə baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirəsi, TDT müstəvisində qardaş ölkəyə bundan sonrakı dəstək fəaliyyətlərini koordinasiya etmək məqsədilə çağırılıb.
Zirvə görüşündə TDT-nin üzv ölkələri Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, eləcə də müşahidəçi üzvlər Macarıstan və Türkmənistanla yanaşı, 2022-ci ildə Səmərqənd zirvəsində təşkilata müşahidəçi üzv qəbul edilən Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) də təmsil olunub.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına qardaş ölkə mətbuatı geniş yer ayırıb. Anadolu agentliyində yayımlanan xəbərdə dövlətimizin başçısının Türkiyənin Bakıdakı səfirliyini ziyarət etməsi, matəm kitabına ürək sözlərini yazması, səfirlə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olması barədə fikirləri oxuculara təqdim edilib. Yazıda Prezident İlham Əliyevin "Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik”, – sözlərinə yer verilib.
Bütün dünya qardaşlığımızın sarsılmaz olduğunu gördü. Müharibə dövründə Türkiyə mənəvi və diplomatik dəstək göstərərək yanımızda oldu. Türkiyə belə yanaşması ilə dünyaya bu mesajı verdi: "Türkiyə Azərbaycanın yanındadır". Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal altındakı torpaqlarımızı işğaldan azad etdik.
44 günlük Vətən Müharibəsində Azərbaycan əsgəri də, əsgər valideynləri də, Azərbaycan dövləti də hər an arxasında Türkiyənin isti nəfəsini duydu. 6 hətəlik müharibədə 80 milyonluq Türkiyə Azərbaycan üçün səfərbər oldu. Ankaranın xarici siyasəti daha qabarıq şəkildə Azərbaycanın maraqları üzərində quruldu. Bəllidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi böyük dövlətlər tərəfindən məqsədli şəkildə uzadılırdı. Bu azmış kimi, Ermənistanın siyasi hakimiyyəti son vaxtlar açıq şəkildə Azərbaycan xalqının heysiyyatı ilə oynayırdı.
Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.
Ankarada Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə cənab İlham Əliyevin çıxışının sonunda Ermənistana verilməklə öz təbirincə desək, "türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olan" Zəngəzurdan, oradan keçəcək dəhlizdən və ora qarışıq Qərbi Azərbaycana dönəcək soydaşlarımızdan bəhs etməsi sadalananların dövlətimiz üçün nə dərəcədə əhəmiyyət daşıdığını ortaya qoyur. Cənab Prezidentin tələbi budur: "Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir".
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müasir dünyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, ikili standartlar fonunda türk xalqlarının birliyinin vahid məqsədlər naminə təmin edilməsinin vacibliyini daim önə çəkməklə yanaşı, konkret addımları ilə onun gerçəkləşməsinə daim çalışan liderdir. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin Türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi siyasətini davam etdirərək ölkəmizə rəhbərlik etdiyi bu illərdə bu xətti xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə əlaqələrimizi gücləndirmək üçün ardıcıl işlər görüb. Türk dövlətlərinin, xalqlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, bədnam erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması dövlətimizin başçısının ən çox diqqət yetirdiyi məsələlərdəndir. Azərbaycan lideri dünya azərbaycanlılarının hüquq və azadlıqlarının müdafiəçisi olaraq da çıxış edir: "Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir…” Beləliklə, güclü lideri və cəmiyyətinin birliyi ilə Azərbaycan tarixdə bu gün heç vaxt olmadığı qədər güclüdür. İlham Əliyev 50 milyonluq azərbaycanlının lideridir. Azərbaycanın uğuru isə 50 milyonluq azərbaycanlının sevinci və qürur mənbəyidir.
Naftalan şəhər sakini: Ülfət Əliyev










































