Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc xarici qonaqların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı protokol qaydalarında dəyişiklik etməyi təklif edib. Millət vəkilinin sözlərinə görə, Şəhidlər Xiyabanı Azərbaycanın azadlığı uğrunda mübarizənin simvoluna çevrilib.“Şəhidlər Xiyabanını ziyarət edən xarici qonaqlar ancaq onun yuxarı hissəsini ziyarət etməyə məcbur olurlar. Burada isə 20 yanvar qurbanları uyuyur. Amma arealı genişləndirməklə protokol qaydalarına yeni yerlər əlavə etmək lazımdır. Çünki Şəhidlər Xiyabınında Azərbaycanın azadlığı uğrunda şəhid olan 3 nəsil uyuyur, müharibədə şəhid olanlar, 20 yanvar qurbanları. Odur ki, protokol qaydasındakı natamamlığı aradan qaldırmaq lazımdır və Şəhidlər Xiyabanına xarici qonaqlar gələrək digər ərazidən də onların keçməsini təmin etmək lazımdır”.Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı AZXEBER.COM-a açıqlamasında deputatın təklifini dəstəklədiyini söylədi. O bu məsələnin həsas bir mövzu olduğunu deyərək, dəyişikliklərin yaxın zamanlarda gerçəkləşməsini təklif edir: “Bu şərhlər, hətta orada əkilən ağaclarla bağlıda dəfələrlə fikirlər deyilib. Orada əkilən ağaclar Qarabağ Şəhidlərinin məzarlarını gizlədir və məzarlar görünmür. O ağaclar oradan götürülməlidir. Bir neçə il bundan əvvəl Şəhidlər Xiyabanı yenidən qurulanda biz bununla bağlı olaraq Milli Məclisə müraciət etmişdik. Müraciətdə deyilirdi ki, yenidənqurma işlərindən istifadə edərək elə etmək lazımdır ki, istər ziyarətçilər, istərsədə xaricdən gələn qonaqlar ilk olaraq Qarabağ Şəhidlərinin, daha sonra isə 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət etsinlər. Əgər bu təklif Milli Məclisdə səslənirsə, biz bir daha bu təklifin dəstəkləyirik, çünki bu vacib bir məsələdir. Düşünürəm ki, bu məsələyə toxunmağın artıq vaxtı çatıbdır”. Fatimə İbrahimova