“Qəbələ” futbol klubu ilə İspaniyanın “Barselona” komandası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Klubdan AzərTAc-a bildiriblər ki, məqsəd əsas komandanın və akademiyanın inkişaf etdirilməsi, “Qəbələ”nin peşəkar futbol klubu kimi formalaşmasında “Barselona”nın təcrübəsindən yararlanmaqdır. Razılaşmaya əsasən, dekabrın 12-də “Barselona” klubunun əməkdaşları Qəbələyə 10 günlük səfər edəcək. Bu müddətdə “Qəbələ”nin məşqçiləri üçün seminarlar keçiriləcək. “Barselona”dan dəvət olunan məşqçi heyətinə Xosep Moratalla, Xavyer Aquado Kompanis və Karlos Martorell daxildir. Heyətə “Barselona”nın sabiq futbolçusu, UEFA-nın Pro kateqoriyalı məşqçisi X.Moratalla başçılıq edəcək. Gələn ilin mayında və iyununda X.Moratallanın başçılıq etdiyi heyət yenidən Qəbələyə birhəftəlik səfər edəcək və kursların effektliliyini müəyyənləşdirəcək.