Topaz Premyer Liqanın dünən baş tutan “İnter” – “Qarabağ” oyununda rəqib futbolçu Abdulla Abatsiyevlə toqquşan “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın hazırkı durumu ürəkaçan deyil.
Qol.Az saytının müxbiri ilə söhbətində Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov braziliyalı futbolçunun yüngül beyin silkələnməsi olduğunu, bu səbəbdən avqustun 8-də İsveçdə “Gefle”yə qarşı keçiriləcək Avroliqanın təkrar matçını buraxacağını deyib.
“Həkimlər Almeydada yüngül beyin silkələnməsi olduğunu dedilər, futbolçuda ürəkbulanma halları baş verir. Onlar Almeydanın hələ bir həftə istirahət etməsini məsləhət görüblər. Bu səbəbdən braziliyalı oyunçumuzun İsveçdəki oyunu buraxacağı dəqiqləşib” – deyə N.İbrahimov bildirib.
Qeyd edək ki, R.Almeyda ilə yanaşı zədəli olan Vüqar Nadirov da “Gefle” ilə matçda iştirak edə bilməyəcək.