Artıq 20 aydır ki, ölkəmizdə pandemiya ilə əlaqədar restoranlarda qəlyan xidməti fəaliyyət göstərmir.
"145 Group" restoranlar şəbəkəsində əsas istiqamət bu olduğundan bizə çox ciddi zərər dəyib. Pandemiyadan əvvəl 400-dən artıq işçimiz var idi, hazırda isə bu rəqəm 100-ə qədər enib.
Bizə verdiyi zərərlərdən biri də 2021-ci ildə açmalı olduğumuz 4 yeni məkanımızın ikisini başlamadan geri qaytarmağımız, ikisini isə saxlamağa gücümüz çatmadığına görə yarıda bitirməyimiz oldu.
Nəzərdə tutduğumuz digər iki restoranı ziyanla qaytardıq.
Xatırladaq ki, bizim restoranlar qəlyan konseptində qurulub. Öz strategiyamızı qəlyansız davam etmək üçün əlimizdən gələni etdik, lakin uğurla nəticələnmədi, çünki bizim restoranlarımız masadan tutmuş oturacağa qədər qəlyan konseptinə uyğun qurulmuşdur.
Bizim bu konseptdən çıxmağımız bizi restoranları yenidən təmir etməyə məcbur edəcək, bunun üçün də, təbii ki, bizim gücümüz və sərmayəmiz yoxdur.
Ölkəmizə çox sayda turist gəldiyinə görə qəlyan istifadəsinə çox böyük tələbat var. Tez-tez rast gəldiyimiz hallardan biri odur ki, turistlər bizim məkanlara daxil olub qəlyan istəyirlər və imtina cavabımızdan sonra isə digər xidmətlərimizdən yararlanmadan restoranı tərk edirlər.
Biz çox istərdik, ki restoranlarımıza gələn hər bir COVID pasportu olan şəxs sərbəst şəkildə elektron siqaretdən istifadə edən kimi qəlyandan da istifadə etməyə nail olsun.
Qeyd edək ki, bizdə bütün qəlyançılarımız mütəmadi şəkildə tibbi yoxlanışdan keçir, restoranlarımız ən yüksək sanitariya və gigiyenik tələblərə cavab verir. Qəlyanlar isə hər zaman olduğu kimi dezinfeksiya olunacaq və biz qonaqlarımızı birdəfəlik istifadə olunan qəlyan xortumları ilə təmin edəcəyik.
Son zamanlarda aldığımız məlumata görə artıq ABŞ, Avropa, Asiya, MDB ölkələrində, Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə qəlyan xitməti yenidən bərpa olunub.
Azərbaycanda qəlyan xidmətinin açılmasına görə biz Operativ Qərargaha müraciət etmişik və inanırıq ki, müsbət cavab olacaq. Çünki Azərbaycanda bu sahə üzrə işləyən ən azı 10000-dən artıq insan var və onlar hazırda iş yerlərindən məhrumdular.