"Azadlıq" qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid Baş Prokurorluğa çağırılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə İctimai TV-yə rəsmi bildiriş daxil olub.
Bildirişdə qeyd olunur ki, Qənimət Zahidov 2025-ci ilin iyul ayında Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönəlmiş açıq çağırışlar) ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. O, istintaqdan yayınaraq gizləndiyindən barəsində axtarış elan olunub və Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2025-ci il sentyabrın 18-də Q.Zahidə eyni epizod üzrə təkrar ittiham elan edilməsi barədə qərar verilib. Lakin o, ölkə xaricində olduğundan ittihamın elan edilməsi mümkün olmayıb.
Baş Prokurorluq Q.Zahidə xəbərdarlıq edib ki, 20 oktyabr 2025-ci il saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə yerləşən İstintaq İdarəsinə gəlməlidir. Bildirişdə həmçinin qeyd olunub ki, Q.Zahid istintaqda şəxsən iştirak edə, müdafiəçi vasitəsilə təmsil oluna və digər prosessual hüquqlardan istifadə edə bilər. Müdafiəçidən istifadə edəcəyi halda, onun məlumatları istintaq orqanına təqdim edilməlidir.
Çağırışa əməl etmədiyi təqdirdə Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində qiyabi icraat aparıla və qiyabi hökm və ya digər yekun məhkəmə qərarı qəbul oluna bilər.