Millət vəkili Qənirə Paşayeva IV Muhsin Yazıçıoğlu simpoziumu çərçivəsində Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici ilə görüşüb.
AZXEBER.COM-un verdiyi xəbərə görə, Böyük Birlik Partiyasının sədri Mustafa Destici iki qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafının vacibliyini xüsusi vurğulayıb.Böyük Birlik Partiyasının sədri Mustafa Destici partiyasının bu günə qədər olduğu kimi bundan sonra da daima qardaş Azərbaycanın yanında olacağını və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəklərini deyib.Millət vəkili Qənirə Paşayeva Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu vurğulayıb.“Türkiyə nə qədər güclənərsə, Azərbaycan da o qədər güclənib deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir”.Millət vəkili Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması və Xocalı soyqırımının tanıdılması istiqamətində partiyanın mövqeyinə və dəstəyinə görə təşəkkürünü bildirib.“Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq, dünyanın hər yerində yaşayan soydaşlarımızla birlik və bərabərlik içində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Xocalı soyqırımının dünyada tanıdılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərimizi daha da artırmalıyıq”.Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Mustafa Desticiyə Azərbaycanın tarixi, mədəniyyəti barədə kitablar, habelə həmmüəllifi olduğu "Azərbaycan həqiqətləri” adlı filmlər toplusunu,“Hocalı Soykırımı: tanıkların dili ile”, “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitablarını, “Hocalı Soykırımı” və “Ruhum Qarabağlıdır” filmlərini hədiyyə edib.